ATU-da göz xəstəlikləri yeni metodika ilə müalicə olunur

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında görmənin terapiyası və reabilitasiyası elm və texnikanın son nailiyyətlərindən hesab olunan metodikaya əsasən aparılır. ATU-nun oftalmologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikası oftalmologiya şöbəsinin oftalmoloqu Aysel Qəlbinur bildirir ki, görmə analizatorunun periferik sahəsinə işıq effekti yönəldən bu üsullar görmə orqanının hərəki funksiyalarının patologiyası, çəpgözlüyün, ambliopiyanın (tənbəl göz) hər növündə, Akkomodasiyanın pozulmalarında göstərişdir.

 

A.Qəlbinurun sözlərinə görə, bu məşğələlər ortoptik və pleoptik müalicəni əhatə edir. “Ortoqtik” müalicədə başlıca məqsəd xəstələrdə binokulyar tək görməni təmin etməkdir. “Pleoptik” müalicə isə əsasən ambliopiyanın aktiv məşğələlərlə müalicəsidir. Bu üsulla torlu qişanın stimulyasiyasına nail olunur, eksentrik fiksasiya problemi aradan qaldırılaraq, skotoma ləğv edilir, və mərkəzi fiksasiyanın bərpası hədəf alınır.

 

“Elə müasir avadanlıqlarımız var ki, bunlar hərəki maqnit sahəsi vasitəsilə müxtəlif görmə patologiyalarının müalicəsində aparıcı rol oynayır. Klinikamızda xəstələrə Çəpgözlüklərin cərrahi müdaxiləsi ilə bərabər, digər bütün müalicə metodları: eynək təyini, prizmalar, və s. ortoptik müalicə növləri tətbiq edilir”.

 

Göz tənbəlliyi adı ilə tanına ambliopiya xəstəliyi hər populyasiyada geniş yayılıb. Aysel Qəlbinurun sözlərinə görə, məqsədimiz az görən gözün görməsini artırmaq, retinada alınan görüntünün aydın olmasını təmin etməkdir: “Eyni zamanda, hər iki gözün bərabər görmə itiliyinin bərpası, çəpliyi olan xəstələrdə alternə fiksasiyanı təmin etmək, çər iki gözdə eyni akkomodasiyanın bərpası, hər iki gözün eyni dərəcədə oxumaq sürətini təmin etmək əsas hədəfimizdir”.

 

Həkim qeyd edir ki, akkomodasiyanın pozulmaları adətən başqa funksional dəyişikliklərlə də müşayət olunur. Ona görə apardığımız görmə reabilitasiyası bir sıra patologiyaların kombinə müalicəsinə də həsr olunur. Bura müxtəlif etiologiyalı akkomodasiya spazmı, astenopiyalar, əsasən kompüterlə iş, miopiya, başlanğıc presbiopiya, müxtəlif mənşəli ambliopiya, gözün əməliyyatdan sonrakı vəziyyəti, funksional skotoma aiddir.

 

Oftalmoloq Aysel Qəlbinur bildirir ki, tətbiq olunan bu metodlar xəstələrin peşəkar müalicəsinə kömək edir. Müalicə xüsusilə uşaqlarda yaxşı nəticələr göstərir. Bu zaman uşağın ailəsi və həkimin diqqəti sayəsində uşaqların motivasiyası da mühüm rol oynayır.