ATU-nun mütəxəssisləri Türkiyə Milli Pediatriya Konqresinə qatılıblar

Noyabrın 14-18-də Antalyada 62-ci Türkiyə Milli Pediatriya Konqresi keçirilib. Bu beynəlxalq tədbirdə Azərbaycandan 17 nəfərlik nümayəndə heyəti iştirak edib.

 

Konqres iştirakçısı, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Nigar Sədiyevanın sözlərinə görə, tədbirdə uşaq xəstəlikləri ilə bağlı mühüm məsələlər müzakirə olunub: “Konqresdən öncə iştirakçılar üçün klinik kurs təşkil olundu. Bura uşaq təcili yardım kursu, qidalanma kursu, endokrin xəstələr, xəstəliklərin laborator diaqnozları üzrə kurslar daxil idi. Azərbaycan nümayəndə heyəti də bu klinik kurslarda aktiv iştirak edib”.

 

Pediatriya Dərnəyinin koordinatoru Nigar Sədiyeva konqres zamanı uşaq sağlamlığı ilə bağlı Türkiyədə, region və dünya dövltələrində əldə olunan son nailiyyətlər, bu sahədəki yeniliklərlə tanış olduğunu bildirir: “Konqresdə xəstəliklər qrupu üzrə müasir yanaşma, son klinik protokollar ortaya qoyuldu. Ənənəvi master-klasslarla yanaşı, sözlü və poster sessiyalar keçirildi. Müzakirə olunan mövzular arasında körpələrin immun sistemində risk faktorları, uşaq qidalanmasında önəmli məqamlar, öskürəklərin bitki tərkibli dərmanlarla müalicəsi, uşaqlarda hərarətin qarşısının alınması, epilepsiya və digərlərini vurğulamaq olar”.

 

Həkimin sözlərinə görə, 4 gün davam edən konqres çox faydalı olub. Qeyd edək ki, tədbirdə ATU-nun digər təmsilçisi, professor Nəsib Quliyevlə yanaşı, ATA Pediatriya dərnəyinin üzvləri, MKX-nin və ETPİ-nin əməkdaşları, uzman pediatrlar da iştirak ediblər.