ATU-nun Tədris Cərrahiyyə Klinikasında şəkərli diabet xəstəsi üzərində mürəkkəb ürək əməliyyat uğurla icra edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 44 yaşlı kişi üzərində mürəkkəb əməliyyat aparılıb. Klinikanın Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri uzman Mirəli Məcidovun icra etdiyi əməliyyat uğurla nəticələnib. M. Məcidovun bildirdiyinə görə, xəstə şəkərli diabetdən əziyyət çəkirmiş. Gün ərzində ən azı 2 qutu siqaret çəkən pasiyent son günlər fiziki hərəkət zamanı sinəsində ağrı hiss edib: “Dünən anidən başlayan sinə ağrısı ilə klinikamıza müraciət edib. Müayinələr nəticəsində pasiyentə ürəyin işemik xəstəliyi, sol ana koronarın stenozu diaqnozu qoyuldu. Xəstəni təcili əməliyyata aldıq”.

 

Doktor Mirəli Məcidovun sözlərinə görə, bu, çox təhlükəli xəstəlik hesab olunur. Zamanında aşkarlanmadıqda, fəsadı bilinmədikdə, ani ölümlə nəticələnir: “Normalda bu xəstəliyə əsasən 60 və daha yuxarı yaş üstündə insanlarda rast gəlinir. Ailədə şəkərli diabet xəstəsi olduğu üçün, pasiyentə də irsən keçib. Əməliyyat zamanı xəstə süni qan aparatına qoşuldu. Əməliyyat bir saat yarım davam etdi”.

 

“Artıq bu gün bütün dünyada xəstəliklər cavanlaşıb” – deyən uzman M. Məcidov xüsusən də şəkərli diabetdən əziyyət çəkən insanların ayda ən azı bir dəfə check-up müayinədən keçmələrini tövsiyyə edir.