Tibb Universiteti “Web of Science” bazasında elmi işlərin ölkə üzrə publikasiyasında liderlərdəndir
Bu gün Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkəti tərəfindən təqdim olunan “Web of Science Azerbaijan-2018” mükafatlarının sahiblərinin adları açıqlanıb. Azərbaycan Tibb Universiteti də qaliblər sırasındadır.
Mükafatçıların siyahısı aparıcı elm axtarış platforması olan Web of Science bazası əsasında tərtib olunub. Analiz “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən ekspertlər tərəfindən aparılıb. Beləliklə, Azərbaycan Tibb Universiteti “Web of Science” bazasında elmi işlərin dərc olunması aktivliyinə görə “Ən proqressiv universiet” nominasiyası üzrə ikinci yerə layiq görülüb.
Mükafat bu gün Təhsil Nazirliyində keçirilən mərasimdə təqdim olunub. ATU rektoru, professor Gəray Gəraybəyliyə mükafatı Təhsil naziri Ceyhun Bayramov təqdim edib.
Bundan əlavə, ATU-nun mütəxəssisi Əlizamin Sadıqov “Web of Science” bazasında pulmonologiya üzeə ən çox elmi məqaləsi çap olunan müəllif kimi mükafata layiq görüldü. Qeyd edək ki, Professor Ə. Sadıqov Amerika Emfizema Fondunun “Kloud Lambert” adına mükafatın, Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatın sahibidir. 200-dən çox elmi məqalənin, 60 jurnal məqaləsinin və 11 monoqrafiyanın müəllifidir.
Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, son illər ali təhsilin davamlı inkişafına nail olunması, universitetlərin beynəlxalq elmi bazalara çıxışının asanlaşdırılması və alimlərin elmi məqalələrinin nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmasına dəstək göstərilməsi istiqamətində mühüm addımlar atılır.
Mərasimdə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb. Bu müqavilə mövcud əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsini, “Web of Science®” platformasının rusdilli elmi nəşrlər bazasına və ölkə üzrə elmi fəaliyyətin əhatəli təhlilinə imkan verən InCites platformasına çıxışın təmin olunmasını nəzərdə tutur.
Tədbir “Clarivate Analytics” tərəfindən “2015-2018-ci illərdə “Web of Science” elmi bazasında Azərbaycan ali təhsil müəssisələri: nəticə və perspektivlər” adlı təqdimatla davam edib.
Xatırladaq ki, 2015-ci ildə Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı "Thomson Reuters") şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Nəticədə Azərbaycanın 40 ali təhsil müəssisəsi “Web of Science®” elmi platformasına çıxış əldə edib.
Son 5 ildə Azərbaycan alimlərinin impakt faktorlu jurnallarda çap olunmuş məqalələrinin ölkə üzrə ümumi sayı 74 faiz artıb, ali təhsil müəssisələri üzrə müvafiq göstərici 88 faiz təşkil edib. “Web of Science®” elmi bazasında 2017-ci ildə 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə Azərbaycan üzrə publikasiya sayında rekord göstəricidir. Həmin məqalələrin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb.
“Web of Science®” bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son 3 ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq 1-ci yerdə qərarlaşıb. 2015-ci ildə Azərbaycandan cəmi 2 jurnal “Web of Science®” bazasında indeksləşdirmişdisə, 2017-ci ildə bu göstərici 7-yə çatıb.