ATU əməkdaşı Skype-la mühazirə söylədi

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı ilk dəfə olaraq onlayn video mühazirə söyləyib. ATU-nun daxili xəstəliklər kafedrasının nümayəndəsi, kardioloq Fərid Əliyev Ukraynanın Xarkov Dövlət Tibb Universitetinin tələbələri ilə Skype vasitəsilə görüşüb.

 

Mühazirədən öncə ATU-nun rəhbər nümayəndələri və Xarkov Dövlət Tibb Universitetinin təmsilçiləri Skype-lə görüş keçiriblər. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov bu mühazifənin ATU üçün bir ilk təcrübə olduğunu qeyd edib: "Bu, qarşılıqlı tərübə mübadiləsi üçün yaxşı start oldu. Onlayn mühazirələr bilik mübadiləsi üçün olduqca əlverişli, rahat və müasir üsuldur. Sevindirici haldır ki, Azərbaycan Tibb Universiteti və Xarkov Dövlət Tibb Universiteti arasında əlaqələr dinamik inkişaf edir. Qarşıdakı müddətdə tələbələrin yay praktikası və digər təşəbbüsləri də reallaşdıra bilərik”.

 

Onlayn görüşdə iştirak edən ATU-nun daxili xəstəliklər kafedrasının müdiri, qastroenteoloq Əlihüseyn Hidayətov təşəbbüsün əhəmiyyətli olduğunu və gələcəkdə ali məktəblər arasında qarşılıqlı elmi işlərin aparılmasının mümkünlüyünü vurğuladı.

 

ATU-nun daxili xəstəliklər kafedrasının tədris hissə müdiri Fikrət Zeynalov Xarkov Universitetinin nümayəndələri ilə görüşdən məmnun olduğunu, qarşılıqlı layihələrin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. 
Öz növbəsində Xarkov Dövlət Universitetinin elmi pedaqoji işlər üzrə prorektor İvan Letik belə gözəl təşəbbüs üçün ATU rəhbərliyinə təşəkkürünü bildirdi. O, Xarkov Dövlət Universitetinin strukturu, tədris sistemi və təhsil proqramı haqqında ətraflı məlumat verdi. Prorektor İvan Letik Azərbaycanlı həmkarlarla əlaqələrin sıxlaşdırılmasını, müxtəlif sahələrdə müştərək layihələr icra olunması arzusunun olduğunu dedi.

 

Sonra ATU-nun daxili xəstəliklər kafedrasının əməkdaşı, kardioloq Fərid Əliyev xarkovlu tələbələr üçün “Mədəcik taxikardiya fırtınalarına yanaşma” mövzusunda onlayn mühazirə söylədi. Mühazirədən sonra F.Əliyev ukraynalı tələbələrin suallarını cavablandırdı.

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti və Xarkov Dövlət Tibb Universiteti arasında əməkdaşlıq müqaviləsi var. Skype vasitəsilə mühazirə Xarkov Dövlət Tibb Universitetinin arzusu ilə təşkil olunub. tutub. Görüşdə ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova da iştirak edib.