Dünya miqyaslı alim ATU-da qonaq olub

Psixiatriya sahəsində dünya miqyasında tanınmış alim, Münhen Psixiatrik Fenomik və Genomika İnstitutunun (İPPG) direktoru professor Tomas Şults Azərbaycan Tibb Universitetinin qonağı olub. Azərbaycana səfəri zamanı professor Şults ATU-nun rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

 

Görüş zamanı qonağın təmsil etdiyi qurumla ATU arasında elmi tədqiqatlar sahəsində qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparılıb. Bəzi sahələrdə birgə layihələrin icrasına dair ilkin razılığa gəlinib.

 

Professor Tomas Şults Lüdviq-Maksimilian Psixiatrik Fenomika və Genomika İnstitutunun (İPPG) direktorudur. O, həmçinin Con Hopkins Universitetində psixiatriya fakültəsinin müəllimidir. Professor Şults tibbi təhsilini Almaniya, ABŞ və Kataloniyada alıb və uzun illər ərzində həmin ölkələrdə müxtəlif təşkilatlarda, universitetlərdə işləyib. 200-dən çox elmi məqalənin müəllifi, psixiatriya sahəsində müxtəlif beynəlxalq mükafatların sahibidir. 2017-ci ilədək Ümumdünya Psixiatriya Assosiasiyasının şöbə müdiri vəzifəsini daşıyıb, indi isə Assosiasiyanın fəxri üzvü və elm seksiyasının katibidir.

 

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, Psixi Sağlamlıq Mərkəzinin müdiri, ATU-nun psixiatriya kafedrasının professoru Fuad İsmayılov, ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov da iştirak ediblər.