Türk mikrobioloqun “Donuz qripi” mövzusunda etdiyi məruzə maraqla qarşılanıb

Mətbu orqanlardan əldə etdiyimiz məlumatlara görə, Gürcüstanda H1N1 (“Donuz qripi)” virusundan dünyasını dəyişənlərin sayı 10-u keçib. Sözsüz ki, qonşu ölkədəki mövcud durumun ölkəmiz üçün də təhlükə yarada biləcəyini nəzərə alan Səhiyyə naziri başda olmaqla, ölkəmizin digər müvafiq qurumları lazımi tədbirləri görürlər.

 

Yanvarın 14-də ATU-nun Tədris Terapevtik Klinkasının Mərkəzi Laboratoriyasının mikrobioloqu İsgəndər Karaltının ““Donuz qripi” nədir? Yeni bir pandemiya təhlükəsi varmı?” mövzusunda etdiyi məruzə də məhz dünyada və regionda adıçəkilən virusun hansı vəziyyətdə olması ilə bağlı olub. Onun etdiyi bu çıxış həmkarları və tələbələrin böyük marağına səbəb olub. İ.Karaltı H1N1 virusu, onun əlamətləri, yoluxma yolları, profilaktik tədbirlər və s. barədə iştirakçılara ətraflı məlumat verib.

 

2009-cu ildən etibarən bu virusun aşkar edildiyini bildirən mikrobioloq, qonşu ölkədəki mövcud durumun ölkəmiz üçün də riskli olduğunu, amma rəsmən hələ ki belə bir virusa yoluxma halının qeydə alınmadığını vurğulayıb. 

 

İ.Karaltı məruzəsinin sonunda iştirakçıları maraqlandıran suallara ətraflı cavab verib.