Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında hamiləlik dövründə şəkərli diabetə həsr olunmuş seminar keçirilib.
Tədbirdə Tədris Terapevtik Klinikasının endokrinologiya şöbəsinin I kurs rezidenti Fidan Fərzəliyeva “Hestasion diabet” mövzusunda çıxış edib.
Qeyd olunub ki, bu mövzu təsadüfən seçilməyib. Çünki körpələrin sağlam doğulması və böyüməsi üçün ana sağlamlığı mühüm əhəmiyyət kəsb edir. Məruzəçi Fidan Fərzəliyeva qeyd edib ki, hamiləlik diabeti (tibbi adı Hestasion diabet), qadında ilk dəfə hamiləlik zamanı qan şəkərlərinin yüksəlməsidir. Adətən bu problem hamiləliyin ikinci yarısında aşkarlanır. Əgər hamiləlik öncəsi qadında diabetin risk faktorları varsa və ya diabetə meyllidirsə, onda hamiləlik zamanı qanda şəkərlərin artması müşahidə olunur. Hestasion diabet zamanı hamiləlikdən öncə qadının qan şəkərləri norma daxilində olur. Seminarda hamiləlik diabetinin yaranması və risk faktorları, xəstəliyin diaqnostikası və müalicəsi haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, klinikada bütün şöbələrin rezidentləri üçün mütəmadi olaraq aktual mövzularda seminar və təlimlər təşkil olunur. Onların istər elmi, istərsə də klinik fəlaiyyətində fəallığını artırması üçün şərait yaradılır.