Prezident gəncləri təbrik edib

Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantıda belə deyib. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlət başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğulayıb və qeyd edib ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlət başçısı ölkənin hərtərəfli inkişafında gənclərin roluna toxunub, onların cəmiyyətin fəal üzvləri olduğunu deyib.

 

Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışıb, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd edib.

 

Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, milli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlət başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd edib.

 

Tədbirdə bir qrup gənc təltif edilib. Onlar arasında ATU-nun 2013-cü il məzunu Allahverdi Şahverənov da olub.

 

Qeyd edək ki, tədbirdə ATU-da fəaliyyət göstərən ictimai təşkilatlardan, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı, YAP Gənclər Birliyinin aktiv üzvləri də iştirak edib.