Rektor Gəray Gəraybəyli: “Tələbələrin daha aktiv olmasını istəyirik”
ATU Azərbaycanda yeganə ali tibb təhsili verən qocaman universitet - Azərbaycan Tibb Universiteti ilin ən yaxşısı seçilib. Xəbər verdiyimiz kimi, ATU Facebook-da regionun ən böyük təhsil səhifəsi olan "Azərbaycan Universitetləri" tərəfindən keçirilən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi olub.
Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli "Azərbaycan Universitetləri" Facebook səhifəsinin rəhbəri Zöhrab Süleymanla görüşüb. Görüşdə Zöhrab Süleyman artıq 8 ildir fəaliyyət göstərən bu səhifənin təkzə Azərbaycanda deyil, bütün Qafqaz regionunda ən böyük izləyici sayına malik olduğunu, səhifənin təhsillə əlaqəli bütün sahələri əhatə etdiyini bildirdi.
“177 min izləyicisi olan səhifəmizdə ölkənin ali təhsil müəssisələri haqqında düzgün, dolğun məlumatları yaymağa çalışırıq. Bu yaxınlarda universitetlər arasında yarış keçirmək ideyasının reallaşdırdıq. Tələbələr arasında keçirilən sorğu nəticəsində məhz ATU qalib seçilib”.
Sorğu zamanı 3 kriteriya üzrə ilin universiteti seçilib: akademik göstəricilər, qəbul nəticələri və sosial mediada olan aktivlik. Bu 3 meyar üzrə 2018-ci il üçün məhz ATU seçilməyi bacarıb.
Rektor Gəray Gəraybəyli universitetə səs verən sorğu iştirakçılarına və səhifə rəhbərinə göstərilən etimada görə təşəkkür edərək qonağa ATU-da aparılan islahatlar, qarşıya qoyulan məqsədlər haqqında danışıb. Professor G.Gəraybəyli tələbələrin hər bir sahədə aktiv olmasının tərəfdarı olduğunu, onları müxtəlif layihələrdə iştirakının stimullaşdırıldığını deyib.
“Biz tələbələrin sosial layihələrdə iştiraka həvəsləndirdik. Həmçinin, tələbələrimizin universitetin idarəetməsində iştirakına da imkan yaradırıq ki, onlar rəhbərliklə birbaşa əlaqə saxlaya bilsinlər. Yeni yaradılan tələbə dekanları bizim fakültə şuralarında, Rektoryanı şuralarda və Böyük Elmi Şuralarda iştirak edirlər. Belə ki, Böyük Elmi Şurasının 64 nəfər üzvündən 6-sı tələbədir”. Rektor təəssüflə bildirdi ki, bəzi tələbələr destruktiv ideyalarını reallaşdırmağa çalışırlar və belə hallara qarşı da mübarizə aparılır.
Ötən il ərzində həyata keçirilən yeniliklərə gəlincə, rektor G.Gəraybəyli bunlar sırasında aralıq qiymətləndirmə imtahanlarının keçirilməsini, yay praktikasının ləğv olunaraq, gündəlik proqrama daxil edilməsini, kurasiya sisteminin çləğvini qeyd etdi. Bu yeniliklər tələbə və müəllim obyektivliyinin təminatı, daha düzgün qiymətləndirmənin aparılması, vaxta qənaət baxımından əhəmiyyət daşıyır. Rektor universitetin müasirləşməsi, tədris-təhsil prosesinin daha da təkmilləşdirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirdi.
Görüşün sonunda rektor professor Gəray Gəraybəyliyə "Azərbaycan Universitetləri" səhifəsi tərəfindən “2018-ci ilin ən yaxşı universiteti" sosial sorğusunun qalibi kimi diplom və mükafat təqdim olundu.