Rezidenturanın inkişafı ilə bağlı təkliflər verilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) rezidentlərin tədrisi ilə bağlı duruma həsr olunmuş geniş toplantı keçirilib. Tədbirdə rezidentlərin fəaliyyəti, nizam-intizamı, onları narahat edən bütün məsələlər haqqında danışılıb.

 

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev çıxışında klinikada 230-a yaxın rezidentin təhsil aldığını bildirib. Rezidenturanı “tibb təhsilinin ən böyük nailyyəti” adlandıran S.Hadıyevin sözlərinə görə, məhz bu sistem vasitəsilə bütün dünyada yüksək səviyyəli mütəxəssis hazırlığı gedir.

 

Tədris Cərrahiyyə Klinikasının rezidentlər üzrə məsul şəxsi Azər Hümmətov isə klinikada rezidentlər üçün təşkil olunan seminarlardan danışıb, bu cür tədbirlərin artıq ənənə halını aldığını deyib. Onun sözlərinə görə, kursların əsas məqsədi rezidentlərə əsas ilkin cərrahi bacarıqlar, həmçinin laparoskopik alətlərlə tanışlıq və laparoskopik bacarıqların öyrədilməsindən ibarətdir.

 

ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri professor Rizvan Məmmədov isə rektorla görüşdə rezidentlərlə bağlı bir çox məsələlərin həlli naminə müzakirələrin aparıldığını bildirib. Qeyd olunub ki, rezidentlərlə durumun daha da yaxşılaşdırılması, onların fəlaiyyətinin gücləndirilməsi üçün müzakirə əsnasında hazırlanacaq təkliflər Səhiyyə Nazirliyinə təqdim olunacaq.

 

Tədbirdə  I mama-ginekologiya kafedrasının müdiri Elmira Əliyeva, LOR kafedrasının assistenti Ayaz Qasımov, LOR kafedrasının baş lobarantı Şirazi İbrahimov, ümumi cərrahiyyə kafedrasının müdiri Elçin Ağayev, II cərrahi xəstəliklər şöbəsinin müdiri Xaləddin Musayev çıxış edərək rezidenturanın inkişafı üçün zəruri olan tədbirlər haqqında fikirlərini səsləndiriblər.