Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin tələbələri üçün “Üzvi kimyadan laboratoriya işləri” adlı yeni vəsait hazırlanıb. Dərslik kafedranın əməkdaşları - dosent Namiq Rəsulov və assistent Kamalə Bədəlova tərəfindən tərtib olunub.
Yeni dərs vəsaitində üzvi birləşmələrin tədqiqinə, üzvi maddələrin alınma üsullarına və onların kimyəvi xassələrinin təcrübi yolla öyrənilməsinə xüsusi yer verilib. Səbəb dərman preparatlarının böyük əksəriyyətinin üzvi mənşəli kimyəvi birləşmələrdən təşkil olunması, üzvi mənşəli kimyəvi birləşmələrin kimyəvi və fiziki-kimyəvi tədqiqat üsullarının əczaçılar üçün əhəmiyyət daşıması ilə bağlıdır.
Qeyd edək ki, ümumi və toksikoloji kimya kafedrasında tədris olunan üzvi kimyanın müstəqil fənn kimi ətraflı öyrənilir. Odur ki, üzvi kimyadan təcrübi-məşğələ dərslərinin keçirilməsi üçün laboratoriya işlərinin aparılması çox vacibdir. Bu səbəbdən, iki hissədən ibarət olan dərs vəsaitinin birinci hissə payız semestri üçün nəzərdə tutulub və doqquz laboratoriya işinin özündə cəmləşdirib.
“Üzvi kimyadan laboratoriya işləri” adlı yeni vəsait əczaçılıq və təbabət elmlərini öyrənən tələbələrin gənc mütəxəsis kimi formalaşmasında və ixtisasların artırılmasında mühüm rol oynayır. Dərs vəsaitin müsbət cəhətlərindən biri də vəsaitin Azərbaycan, rus və ingilis dillərində yazılmasıdır ki, bu da fakültədə təhsil alan bütün tələbələrin həmin vəsaitdən istıfadə etməsinə imkan yaradır.