Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün nəzərdə tutulan “TOM” layihəsinin nümayəndələri Azərbaycan Tibb Universitetində olublar. Layihəyə dəstək verən “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təmsilçiləri qeyd ediblər ki, bu layihə xüsusi qayğıya ehtiyacı olan insanların problemlərini həll etmək üçün startap ideyaları qəbul edir və onların reallaşmasına kömək edir. Bu baxımdan innovativ ideyaları olan ATU tələbələrinin layihədə iştirakı məqsədəuyğun ola bilər.
Görüş zamanı “TOM” (Tikkun Olam Makers) layihəsinin təqdimatı keçirildi. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemləri üçün açıq həllər yaratmaq məqsədilə ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirməkdir.
Qeyd olunub ki, ATU tələbələri fiziki məhdudiyyətli insanların hər gün üzləşdiyi problemlərin aradan qaldırılması üçün əlçatan həllər yarada bilərlər. Tələbələrə konkret problemləri olan insanların müraciətləri təqdim olunub və onlara yardım etmək üçün deyalar hazırlanması təklif edilib. Məsələn, hərəkət məhdudiyyəti olan bir şəxsin əlil kürsüsündən müstəqil şəkildə digər yerə keçməsin kömək edən yeniliyə ehtiyacı var.
Görmə məhdudiyyəti olan digər bir şəxs isə elektron və audio kitabları dinləməyə imkan verən mobil tətbiqinin olmasını arzulayır. Bu insanların problemlərinin həllinə kömək edəcək texnoloji həllərin reallaşmasında “TOM” layihəsi öz vasitəçiliyini təqdim edib.