Martın 1-də ATU-nun Tədris Terapevtik Klinikasının konfrans zalında “Azərbaycan Antibiotiklərə Həssaslıq Testlərinin Standartlaşdırılması (AHTS)” mövzusunda simpozium keçirilib.
Tədbir iştirakçılarını salamlayan klinikanın direktoru Samir Allahverdiyev bu gün Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsinin və Türkiyə mütəxəssislərinin də qatıldığı simpoziumda mövzu ilə bağlı çox maraqlı məruzələrin dinləniləcəyini deyib.
Simpoziumda çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Onur Karatuna dəvət üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü çatdıraraq burada düzənlənən toplantının faydalı olacağına əminliyini bildirib.
Dünyada bu sahə üzrə qəbul edilmiş standartlardan, eyni zamanda Türkiyə təcrübəsindən söhbət açan Onur Karatunanın “”EUCAST standartlarına əsasən antibiotiklərə həssaslığın müəyyənləşdirilməsi” və “Ümumdünya Səhiyyə Təşkilatının antibioqram testləri üçün məsləhətləri (EUCAST standartlarında yeniliklər)” mövzusunda məruzələri xüsusi maraqla qarşılanıb.
Bundan sonra simpoziumun təşkilat komitəsinin katibi, Dr. İskender Karaltı, Səhiyyə Nazirliyinin nümayəndəsi Fikriyə İbrahimli, ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov, Tədris Terapevtik Klinikasının həkimi Bayram Tağıyev və türkiyəli mütəxəssis Yavuz Barbaros antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılmasının müxtəlif aspektlərini özündə əks etdirən müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, simpoziumun məqsədi Azərbaycanın bütün xəstəxanalarında antibiotiklərə həssaslıq testi nəticələrinin standart formada verilməsinin təmin edilməsi, standart metodların müzakirə olunması və bölgələrdəki laboratoriya həkimlərinin beynəlxalq yeniliklər haqqında məlumatlandırılmasıdır.