Endometriozisin müalicəsində müasir yanaşma müzakirə olunub

Bu gün Azərbaycan Tibb Universitetində “Endometriozisin müalicəsində müasir yanaşma” mövzusunda elmi konfrans keçirilib. Toplantıda açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev mövzunun kifayət qədər aktual olduğunu, endometriozisin diaqnostikası və müalicəsində yeni standartların tətbiqinin əhəmiyyətli olduğunu bildirib.

 

Konfransda endometriozisin müalicəsi ilə bağlı mextəlif metodlar açıqlanıb, fərqli kazuslar nəzərdən keçirilib.

 

Tanınmış mütəxəssis, Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun sədrliyi ilə keçən müxtəlif sessiyalarda endometriozisə histopatoloq, genetika üzrə mütəxəssislərin baxışları ortaya qoyulub. Həmçinin, endometriozisin etiologiyası və patogenezi, ekstragenital endometriozis, bu xəstəliyin sonsuzluq, implantasiyaya və yumurtalıq rezervinə təsiri, USM ilə diaqnostikası barədə məruzələr səsləndirilib.

 

Şöbə müdiri Turab Canbaxışov endometriomaların müalicə taktikaları və yumurtalıq rezervin qorunması barəsində çıxış edib. Bundan əlavə, adenomiyozisin klinik simptomları, müalicə üsulları və sonsuzluqla əlaqəsi də müzakirə olunub. Endometriozisin həyat komfortuna təsiri (cinsi əlaqə, dismenoreya, effektiv ağrıkəsicilərdən istifadə və s) kimi önəmli mövzularda yeni yanaşmalar ortaya qoyulub.