ATU-da dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Ölkənin ali təhsil müəssisələrində  ölkəmizdə dövlət təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.

 

Belə bir tədbir martın 5-də Azərbaycan Tibb Universtetində baş tutub. Universitetin ümumi işlər üzrə prorektoru Natiq Xəlilov tədbirin məqsəd və məramı barədə toplantıda iştirak edən müəllim və tələbələrə ətraflı məlumat verərək, sözü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Fəxrəddin Quliyevə verib. F.Quliyev belə bir tədbirin keçirilməsinə şərait yaratdığı üçün universitet rəhbərliyinə DTX adından təşəkkürünü bildirib.

 

Sonra “Xüsusi xidmət orqanları anlayışı, müasir dövrdə ölkəmizdə fəaliyyət göstərən pozucu qüvvələr, onların gənclər arasında fəaliyyəti” mövzusunda çıxış edib. O, çıxışı zaman xarici xüsusi xidmət orqanları, beynəlxalq terrorçu-separatçı təşkilatlar, müxtəlif cinayətkar qrupların son zamanlar Azərbaycan gənclərinin imkanlarından istifadə etməyə çalışdıqlarını bildirib. Ali məktəblərdə gənclərlə DTX əməkdaşlarının görüşlər təşkil edilməsini də, məhz gənclərin ayıq-sayıqlığının artırılmasına və onları yan təsirlərdən qorumaq məqsədi daşıdığına xidmət etdiyini qeyd edib.

 

Daha sonra xüsusi xidmət orqanlarının nə olduğu barədə qısa təqdimatdan sonra Ulu öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarındakı fəaliyyəti, xarici xüsusi xidmət orqanları və beynəlxalq terror təşkilatlarının Azərbaycan Respublikasındakı maraqları və fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verib. F.Quliyev sonra terrorçuluq, narkotik vasitələr və insan alverinin ölkədə vəziyyəti, bu və qeyd olunan digər məsələlərə qarşı aparılan effektiv mübarizədən söhbət açıb Bildirib ki, hər bir vətəndaşın ölkəmizdə və beynəlxalq arenada baş verən hadisələr barədə ətraflı məlumatı olmalı, düzgün nəticələr çıxartmalıdır. Məruzəçi, belə olan təqdirdə gənclərin heç zaman yan təsirlərə düşməyəcəyinə əminliyini bildirib.

 

F.Quliyev Ulu öndər H.Əliyevin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətini 3 dövrə bölüb: 1940-cı illəri “müşahidə və öyrənmə”, 1950-ci illəri “Mübarizə, iradə və dözümlülük”, 1960-cı illəri “Liderlik və tərəqqi” dövrü kimi səciyyələndirib. Ulu öndərin Azərbaycanın milli şüurunda rolu olan şəxsləri necə müdafiə etməsindən buna görə hansı problemlərlə üzləşməzsindən geniş söhbət açıb.

 

Erməni terrorçularının ölkəmizə qarşı törətdiyi terror hadisələri və onların törətdiyi terrorların xalqımıza gətirdiyi fəsadlara toxunub. Düşmən tərəfin hər an yanlış informasiya, dezinformasiyalarla xalqımızı çaşdırmağa cəhd etmələrini qeyd edib. Məruzəçi söhbət açdığı hər bir hadisə barədə video görüntülər, slaydlar nümayiş etdirib.

 

Dövlətimizin və milli maraqlarımızın qorunmasında gəncləri ayıq-sayıq olmağa çağırıb.

 

Sonra ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor  Qoşqar Əliyev çıxış edib. Belə bir tədbirin tələbə-gənclərin iştirakı ilə keçirilməsini təqdirəlayiq hesab edib. Məruzəçi ulu öndərin dövlət təhlükəsizlik orqanlarında keçdiyi şərəfli ömür yolundan söhbət açıb. Onun fəaliyyətinin xazlqımız və xüsusən gənclər üçün örnək olduğunu vurğulayıb. Gənclərə dövlətimizin maraqlarının qorunmasında yaxından iştirak və yardım etməyi tövsiyə edib və onlardan bir sıra dəyərli məsləhətlərini əsirgəməyib.

 

Universitet rəhbərliyi Dövlət Təhlükəsizliyi Xidməti rəhbərliyinə bu cür önəmli  tədbiri bizdə keçirdiyi üçün təşəkkür edir.

 

Tədbir tələbələrin çoxsaylı sualları ilə başa çatıb.