ATU-nun “Tibbi biologiya və genetika” kafedrasının rəhbərliyi Rusiyada elmi konfransda iştirak edib

Rusiyanın Ryazan şəhərində “Ali məktəbdə biologiya: elmin, təhsilin aktual sualları və fənlərarası inteqrasiya” adlı elmi konfrans keçirilib. Rusiya Federasiyasının akademik İ.P.Pavlov adına Ryazan Dövlət Tibb Universitetinin rektoru, t.e.d., professor R.Y.Kalinin və “Biologiya” kafedrasının müdiri, professor O.V. Bakoveskayanın dəvəti ilə konfransda Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti də iştirak edib. ATU-nun “Tibbi biologiya və genetika” kafedrasının müdiri, dos.Vaqif Kərimov, dos. Leyla Süleymanova və baş müəllim Aytəkin Həsənova beynəlxalq tədbirdə sözügedən ali təhsil olacağını təmsil ediblər.

 

İki günlük konfrans rəsmi hissədən və 4 bölmədən ibarət olub. “Adaptasiyanın, funksional morfologiyanın və genetikanın aktual suallarının öyrənilməsi” adlı üçüncü bölmədə çıxış edən dos.V.M.Kərimov Azərbaycan Tibb Universiteti və “Tibbi biologiya və genetika” kafedrası barəsində geniş məruzə edib.

 

Konfransda iştirak edən Moskva, Ryazan, Minsk, Tver şəhərlərinin Tibb Universitetlərinin nümayəndələri ATU-nun “Tibbi biologiya və genetika” kafedrası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər. Belə ki, Moskva şəhəri A.İ.Yevdokimov adına Moskva Stomatoloji Universitetinin kafedra müdiri, professor T.U.Tatarenko-Kozmina, Rusiya Xalqlar Dostluğu Universitetinin “Biologiya və ümumi genetika” kafedrasının müdiri, professor M.M.Azova, Tver Dövlət Tibb Universitetinin “Biologiya” kafedrasının müdiri M.B.Petrova gələcəkdə ATU-nun “Tibbi biologiya və genetika” kafedrası ilə iş birliyi məqsədi ilə qarşılıqlı görüşmələrin keçirilməsinin məqsədə uyğun olduğunu qeyd ediblər.