Universitetin imtiyazlı tələbələri ödənişsiz əməliyyat olunub

Tədris Cərrahiyyə Klinkasında keçirilən aksiyadan Qarabağ qazilərinin ailələri də yararlanıb

 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə universitetdə təhsil alan tələbələr aprelin əvvəllərindən etibarən ödənişsiz müayinə olunubrlar. Tələbələr arasında müayinə məqsədilə universitetin Tədris Cərrahiyyə Klinikasına müraciət edənlərin sayı demək olar ki, daha çoxdur. Klinikanın oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılovun verdiyi məlumata görə, 16 gün ərzində 595 tələbə tam müayinə olunub: “ Rektor, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə müayinə olunan tələbələr arasında Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid və valideyin himayəsindən məhrum olmuşların övladları isə bu gün keçirilən aksiyada ödənişsiz əməliyyat olunublar”.

 

Dünyaşöhrətli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olması münasibəti ilə aprelin 26-da keçirilən aksiyada 14 tələbə əməliyyat olunub. Onlar arasında refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astikmatizm, qarışıq astikmatizm olan xəstələr üstünlük təşkil ediblər.

 

Q.İsmayılovun bildirdiyinə görə, xəstələr əməliyyat olunduqdan sonra təkrar müayinə olunub. Onların ən aşağı görmə qabiliyyəti 80 faiz, ən yuxarı görmə qabiliyyəti isə 100 faiz təşkil edib.

 

Şöbə müdiri bu aksiyanın sonuncu olmayacağını, Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə də davam edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, bu aksiyanın tətbiq dairəsi təkcə universtetin tələbələri ilə məhdudlaşmayıb. Aksiyadan həmçinin, Qarabağ döyüşlərində iştirak edənlərin ailə üzvləri də yararlana bilib.

 

Aksiya zamanı Qarabağ qazisi Azər Abbasəliyevin anası Əzizə Vəlişova da gözündən əməliyyat olunub. Uğurlu əməliyyata və ailə üzvünə göstərilən diqqət və qayğıya görə A.Abbasəliyev ölkə başçısı İlham Əliyevə, universitetin rektoru professor, rektor Gəray Gəraybəyliyə və universitetin Tədris Cərrahiyyə Klinkasının şöbə müdiri Qurban İsmayılova dərin təşəkkürünü bildirib. Qarabağ Qazisinin anası Ə.Vəlişova əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini bildirib. “Çox sağ olun, həkim! Əlləriniz var olsun”-deyərək həkimə xüsusi minnətdarlığını izhar edib.