İctimai Nəzarət Şurası ATU-da yoxlama apardı

Bu gün Azərbaycan Tibb Universiteti Rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri universitet kafedralarında növbəti reyd-yoxlamalar keçiriblər. Şura üzvləri ATU-nun Tədris-terapevtik Klinikasında yerləşən bir sıra kafedralarda olublar, dərslərin gedişini izləyiblər. Şuranın sədri, millət vəkili, həkim-qastroenteroloq İlham Məmmədovun sözlərinə görə, hər bir kafedrada dərslərin illik iş planına əsasən təsdiq edilmiş proqram üzrə aparılması və müəllimlərin bu plana uyğun fəaliyyət göstərdikləri müəyyən olunub.

 

Şura üzvləri həmçinin universitetin IV-VI kurs tələbələriylə görüşüblər. Görüş zamanı tələbələr tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün təkliflər səsləndiriblər. O cümlədən, gələcəkdə respublikamızda tibbi sığortanın tətbiqi, təhsilin rezidentura pilləsi ilə bağlı da müzakirələr aparıldı.

 

Ümumilikdə, İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri bildiriblər ki, reyd zamanı ATU-da son illər aparılan islahatların mühüm nəticə verdiyinin növbəti dəfə şahidi olublar.

 

Yoxlamada Şuranın sədri, millət vəkili İlham Məmmədovla yanaşı, şura üzvləri – Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, ATU-nun əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi, “Gənc vətəndaş” İctimai Birliyinin sədr müavini Aidə Bəndəliyeva, tələbə-dekan Məhərrəm Amilli iştirak ediblər.