Aprelin 26-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında canlı disseksiya kursu təşkil olunub.

Əvvəlki kursların maraqlı keçdiyini xatırladan ATU-nun Qulaq, burun və boğaz kafedrasının müdiri, professor Vəfa Pənahian tədbirin açılışındakı çıxışında Türkiyənin “Burun, Boğaz, Qulaq Cəmiyyəti”nin təşəbbüsü ilə gerçəkləşən bügünkü kursun da maraqlı keçəcəyini əminliyini bildirib. 

 

Bundan sonra “Rinoplastika” mövzusunda keçirilən kursun moderatoru, ATU-nun Qulaq, burun və boğaz kafedrasının assistenti, dərs hissə müdiri Şakir Quvalov disseksiya kurslarının təşkilini zəruri edən məqamlara toxunub. O, rinoplastikanın tarixi inkişaf prosesindən danışaraq bu sahə üzrə ilk əməliyyatların eramızdan 1000 il əvvəl qədim Hindistanda icra olunduğunu, ikinci mərhələnin 1450-1760-cı illərdə Avropada, üçüncü mərhələnin isə 1760-cı ildən sonra başladığını deyib.

 

Lor cərrahı Məzahir Quliyev isə “Addım-addım rinoplastika” mövzusunda geniş məruzə ilə çıxış edib. Əməliyyatlar zamani istifadə etdiyi yeni alətlər və metodika haqqında fikirlərini bölüşərək belə bir kursun Azərbaycanda keçirilməsinin məsləkdaşlarımız üçün sevindirici hal olduğunu vurğulayıb. O, rinoplastika əməliyyatı üçün xəstənin ilkin dəyərləndirməsi, diaqnozun düzgün qoyulması, xəstənin gözləntiləri, əməliyyatın başlanğıcında local anestetiklərin yeridilməsi, disseksiya, müasir yanaşmalar və cərrahi müdaxilədə digər mühüm prinsiplərdən söhbət açıb. Eyni zamanda özünün təklif etdiyi 2 alətin üstünlüklərinə toxunub: “Təklif olunan bu alətlər həm əməliyyatdan sonrakı fəsadlaşmaların qarşısını alır, həm də sağalmanın daha sürətli getməsini təmin edir. Bu alətlər cərrah həmkarlar tərəfindən də maraqla qarşılanır”.

 

Kursun gedişində Məzahir Quliyevin rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycan rinoloqlarını bir araya gətirən “Rinologiyanın İnkişafına Dəstək” ictimai birliyi haqqında da məlumat verilib.

 

Daha sonra Türkiyə ilə canlı yayım təşkil olunub və türkiyəli mütəxəssislər canlı yayımda toplantı iştirakçıları və ATU-nun rezidentləri üçün müxtəlif tibbi əməliyyatlar icra ediblər.

 

Aprelin 26-da kurs öz işini “Terapevtik və cərrahi üz estetikasının tətbiqi” mövzusu ilə davam etdirib. 

ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti Nigar Sultanovanın “Fasial Lipoqraftinq”, Respublika Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinin üz-çənə cərrahı Kamilla Əmirovanın isə “Blefaroplastikaya göstərişlər və cərrahi texnikalar” mövzusunda məruzələri dinlənilib. Eyni zamanda hər iki mövzuya dair kurs iştirakçılarının sualları cavablandırılıb.

 

İki gün davam edən kursda Baza və təkmilləşmiş rinoplastika texnikaları, İnteraktiv müzakirələr zamanı kəsiklər və dəri flebinin hazırlanması, Hamp rezeksiyası, Osteotomiyalar, Tip şəkilləndirmə və Alar kupollarının rekonstruksiyası, Bodoks dolğu vorkshop, Kadavrada botoks dolğu, Blefaroplastika texnikaları və Kadavra üzərində blefaroplastika texnikaları üzrə onlayn kurs proqramları yerinə yetirilib.