"İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Aprelin 30-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında “İnsan və cəmiyyətin sağlamlığına müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

 

Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransa Perm Tibb Universiteti (Rusiya), Cənubi-Ural Dövlət Tibb Universiteti (Rusiya), Milli Təbabət Universiteti (İtaliya) və digər tibb müəssisələrinin aparıcı mütəxəssisləri qatılıblar.

 

“Mamalıq-ginekologiya, cərrahiyyə, onkologiya, plastik cərrahiyyə, endokrinologiyanın aktual problemləri”nə həsr olunmuş tədbiri ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov açaraq universitet rəhbərliyi adından xoş arzularını çatdırıb və konfransın işinə uğurlar arzulayıb. O, konfransda yerli mütəxəssislərlə yanaşı, İtaliya, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistandan olan alimlərin iştirak etdiyini bildirib: "Konfransda təbabətin bir sıra növlərini və aktual problemləri əhatə edəcək məruzələr və müzakirələr aparılacaq. Düşünürəm ki, həmin müzakirələr həm praktiki həkimlər, həm də elmi istiqaməti olan alimlər üçün maraqlı olacaq. Burada yerli və beynəlxalq mütəxəssislərin öz tədqiqatlarını bölüşmələri səhiyyənin inkişafına və gələcəkdə elmi işlərin aparılmasına töhfə verəcək".

 

Sonra çıxış edən universitetin I mamalıq-ginekologiya kafedrasının professoru Nigar Kamilova Azərbaycan Tibb Universitetinin tarixi inkişaf yolları və burada son illərdə görülən işlər barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

Konfransda Rusiya Elmlər Akademiyasının akademiki, professor A.Vajenin, Perm şəhərindən professor O.Orlov, İtaliyadan professor F.Ayello və Krasnoyarsk şəhərindən A.Modestov da çıxış edərək tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar. Azərbaycana dəvət edildiklərinə görə məmnun qaldıqlarını söyləyən xarici qonaqlar beynəlxalq elmi konfransın təşkilatçılarına öz minnətdarlıqlarını bildiriblər. 
Konfrans öz işini plenar sessiyalarla davam etdirir.