Bu günlərdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov və Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Qazaxıstandan səfərdən qayıdıblar. Aprelin 20-25-də baş tutan səfər zamanı ATU nümayəndələri müxtəlif formatlı beynəlxalq toplantılarda iştirak ediblər.
ATU-nun elmi işlər üzrə prorektoru R.Bəylərovun sözlərinə görə, səfər Qazaxıstanın cənubundakı Türkistan şəhərinə baş tutub: “Bu şəhərdəki Hoca Ahmet Yasevi adına Türk-Qazax Universitetində olduq. Burada Türkdilli Universitetlərin Türk Şurasının IV Baş Assambleyası keçirilirdi. İclasın məqsədi Türk dilli Universitetlərin birgə təhsil məkanı yaratmasına nail olmaqdan ibarət idi.
R.Bəylərov bildirir ki, ümumilikdə toplantıda Azərbaycanın dörd universiteti təmsil olunub. Tədbir çərçivəsində ATU ilə Ahmet Yasevi Universiteti arasnda əməkdaşlıq müqaviləsi imzalanıb. Sazişə əsasən, iki universitet arasında qarşılıqlı elmi işlərin aparılması, tələbə mübadiləsinin təşkil, diplomların tanınması kimi məsələlər nəzərdə tutulub. Toplantıdan sonra Azərbaycan nümayəndə heyəti Hoca Ahmet Yasevi adına Türk-Qazax Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüblər.
Səfər zamanı ATU-nun Tələbə Gənclər Təşkilatının sədri Rauf Vəliyev Türkistan vilayətində Türk Konsulluğu tərəfindən təşkil olunan Türk Keneşi II Gənc Liderlər Forumu,Türk Dünyası Gənclik, Mədəniyyət və Sənət Festivalında iştirak edib.
R.Vəlievin sözlərinə görə, toplantıda təmsil olunan universitetlərin tələbələri arasında dialoqlar baş tutub. ATU-nun təmsilçisi Rauf Vəliyev öz çıxışında Azərbaycan Tibb Universitetinin tələbələrinin həyatı, klinikalar, dərslik fondu, tədris korpusları haqqında iştirakçılara məlumat verib. Qeyd olunub ki, hazırda universitetin hazırlıq qruplarında 600-dən çox tələbə təhsil alır.
Türk Konseyi II Gənc Liderləri Forumunda isə gənclərin inkişafına naminə planlaşdırılan ortaq layihələr müzakirə olunub. Səfər çərçivəsinə azərbaycanlı nümayəndə heyətinin Türkistanda yerləşən tarixi məkanlara turları təşkil olunub.