ATU-da çalışan veteranlar mükafatlandırıldı

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli universitetdə çalışan İkinci Dünya müharibəsi veteranları ilə görüşüb. Rektor faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, onlara cansağlığı arzulayıb.

 

9 may - Qələbə Günü bayramı ərəfəsində ATU rəhbərliyinin universitetdə işləyən veteranlarla görüşüb onları təbrik etməsi artıq ənənə halını alıb. Rektor G.Gəraybəyli bu ənənəni davam etdirməkdən çox məmnun olduğunu bildirdi:

 

“Bu möhtəşəm tarixi günün qeyd olunması gələcəyimiz və gənclərimiz üçün vacibdir. Biz bu tarixi unutmamalıyıq. Qələbə bayramı vaxtilə hər birimizin böyük həvəs və coşğuyla gözlədiyimiz bayram idi. Sonradan 9 May tarixinin bayram kimi qeyd olunması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa edildi. Bu addım bir daha sübut etdi ki, tarixin üstündən xətt çəkmək olmaz.Faşizmlə mübarizədə canından keçən milyonlarla insanın qəhrəmanlığı heç vaxt unudulmayacaq”.

 

Professor G.Gəraybəyli Azərbaycanda dövlət səviyyəsində müharibə veteranlarınadiqqət və qayğı göstərildiyini, həmçinin ATU daxilində də canlı tarixin təcəssümü olan bu qəhrəmanlara böyük hörmət bəslənildiyini qeyd etdi: “Kollektivimizdə İkinci Dünya Müharibəsi veteranlarının çalışması bizim üçün çox qürurvericidir. Fəxr edirik ki, siz tələbələrimizlə təmasda olursuz. Onlara nəinki tibbi elmlə bağlı bilikləri, həmçinin həyat təcrübəsini, böyük vətənpərvərlik hislərini aşılaya bilirsiniz”.

 

Rektor ATU kollektivi adından İkinci Dünya Müharibəsinin veteranlarını təbrik edərək onlara cansağlığı arzulayıb və hədiyyələr təqdim edib. Sonra Fazişm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar ATU-da çalışan veteranların mükafatlandırılması haqqında rektorun əmri oxunub. Əmrə əsasən, arxa cəbhə veteranları - ATU-nun Kommunal və qidalanma gigiyenası kafedrasının professoru Maqsud Qasımov, Uşaq və yeniyetmələrin gigiyenası kafedrasının dosenti Rəhim Orucova universitet rəhbərliyi tərəfindən pul mükafatı təqdim olunub.

 

Görüşdə ATU-nun Həmkarlar ittifaqı komitəsinin sədri dosent Cahangir Qasımov və mülki müdafiə qərargah rəisi Firdovsi Məmədov iştirak ediblər. Görüşün sonunda xatirə şəkli çəkdirilib.