Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası uşaqlar üçün pulsuz kardioloji müayinə kampaniyası təşkil edib.
ATU-nun Tədris Terapevtik Klinikasının uşaq kardioloqu Elnur İmanovun sözlərinə görə, dünyada, eləcə də Azərbaycanda anadangəlmə ürək qüsurlu uşaqların sayı artıb. Bu xəstəliyi vaxtında aşkar etmək çox vacibdir: “Xəstəliyin diaqnostikasını təyin etmək və lazım olan medikal, cərrahi və ya invaziv tibbi müdaxiləni etmək faydalıdır. Bu mərkəzin şüarı “Mən artıq ürək qüsurlu deyiləm”dir. Biz bu şüarı bütün tibbi yöntəmlərlə, öz təcrübəmizlə həyata keçirməyə çalışırıq. Xəstəlik vaxtında aşkarlanarsa və düzgün müalicə aparılarsa, xəstə sağala bilir”.
Uşaq kardioloqu E. İmanovun bildirdiyinə görə, 85 xəstə rəsmi olaraq qeydiyyatdan keçib: “Müayinə olan xəstələrdən 2-də qazanılmış ürək xəstəliyi aşkarlanıb. Bizim Cərrahiyyə Klinikasının uşaq ürək-damar cərrahı Ramal Həsənov da aksiyada iştirak edir. Müayinələrin davamında hansısa bir əməliyyata ehtiyacı olan ürək qüsurlu xəstə olarsa, biz dərhal konsilium edib, uşağın əməliyyatı haqda qərar verə biləcəyik”.