Rezidentlərin konfransına 184 elmi iş təqdim olunub
Azərbaycan Tibb Universitetində rezidentlərin 7-ci elmi-təcrübi konfransı - ATUREK konfransı keçirilib. Konfrans milli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib.
Konfransın açılışında çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli bildirib ki, respublikamızda tibb kadrlarının yetişdirilməsində rezidentura təhsilinin müstəsna əhəmiyyəti var:
“Rezidentura təhsili 2011-ci ildən başlayaraq uğurla davam etdirilir və təkmilləşdirilir. 2013-cü ildən etibarən Azərbaycan Tibb Universiteti rezidentura üzrə ilk məzunlarını buraxmağa başlayıb. İndiyədək respublika üzrə 1300-dək rezident məzun olub ki, onlardan da 36 ixtisas üzrə 550-dən çoxu əsas kliniki baza olan Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Məzun rezidentlərimizin əksəriyyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təyinat alaraq respublikamızın müxtəlif bölgələrində müasir diaqnostika mərkəzlərində və xəstəxanalarda həkim kimi calışır, bir qismi isə kafedralarımızda elmi-tədqiqat işləri və pedaqoji fəaliyyətlə məşğul olurlar”.
G.Gəraybəyli qeyd edib ki, hazırda universitetin klinikalarında 36 ixtisas üzrə 592 rezident təhsil alır ki, onlardan da 39-u Rusiya, İran, Türkiyə, Qazaxstan, İordaniya, Gürcüstan, Əfqanıstan və digər xarici ölkə vətəndaşlarıdır. Rezidentlərimiz öz kliniki bacarıqlarını artırmaq üçün klinikalarımızda çalışan təcrübəli həkimlərdən faydalanır. O cümlədən, hər il təxminən 70-80 nəfər rezident xarici ölkələrdə 4-10 aylıq rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər.
G.Gəraybəyli bütün bazalardan olan rezidentləri və magistrləri, eləcə də onların rəhbərlərini 7-ci ATUREK konfransının işində fəal iştirak etməyə cağırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra konfrans plenar və poster məruzələrlə işini davam etdirib. Ümumilikdə konfransa 28 ixtisas üzrə 103-ü məqalə və 81-ı tezis şəklində olmaqla cəmi 184 elmi iş təqdim edilib. Bunlardan 21 iş 8 digər bazalardan olan rezidentlərdən qəbul olunub.
Ötən dəfə olduğu kimi, bu il də konfransdan öncə cərrahiyyə, endokrinologiya, pediatriya, stomatologiya, kardiologiya və əczaçılıq ixtisasları üzrə kurslar təşkil edilib. Eyni zamanda bu il ilk dəfə olaraq plenar çıxışlara rezidentlərlə bərabər, universitetimizdə təhsil alan magistrlərdən də 30 elmi iş təqdim edilb. Bu elmi işlərin hamısı toplum şəklində çap olunub.
ATUREK konfransı mayın 16-dək davam edəcək. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.