ATUREK 7-nin bağlanış mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində rezidentlərin 7-ci elmi-təcrübi konfransı - ATUREK-in təntənəli bağlanış mərasimi keçirilib.

 

Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilib. Konfransa 28 ixtisas üzrə 184 elmi tədqiqat işi təqdim edilib. Onlardan 83-ü poster, 101-i sözlü məruzə olub. Tədqiqat işlərinin içərisindən seçilən ən yaxşı 17 işin məqaləsi dərc edilib.

 

Ənənəvi olaraq bu il də konfransın işinə verdiyi dəstəyə görə bir sıra professor-müəllim heyəti, koordinator və rezidentlər mükafata layiq görülüblər. Hər bölmə üzrə 60 və daha yüksək bal toplamış sözlü və poster məruzələri seçilən rezidentlər diplomlarla, digər rezidentlər isə məruzələrinə görə sertifikatlarla təltif olunublar.

 

Xatırladaq ki, hazırda universitetin klinikalarında 36 ixtisas üzrə 592 rezident təhsil alır ki, onlardan da 39-u Rusiya, İran, Türkiyə, Qazaxstan, İordaniya, Gürcüstan, Əfqanıstan və digər xarici ölkə vətəndaşlarıdır. O cümlədən, hər il təxminən 70-80 nəfər rezident xarici ölkələrdə 4-10 aylıq rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər.

 

Konfrans öz işini bədii hissə ilə davam etdirib. ATU-nun "Çinar" rəqs ansamblı və "Şəfa" xalq çalğı alətləri ansamblı, eləcə də Bakı Türk Anadolu Liseyinin tələbələri maraqlı ifalar təqdim ediblər.