ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THKİ) tələbələrin asudə vaxtlarının səmərəli şəkildə keçirməsi üçün vaxtaşırı tədbirlər və yarışlar keçirir. Mayın 17-də THKİ-nin təşkilatçılığı ilə universitetdə “Tibdə jest dili” mövzusunda keçirilən seminar növbəti belə tədbirlərdən idi.
Seminarı açan universitetin THKİ-nin sədri Elvin Kərimli bu gün təşkil olunan seminarın gələcəyin həkimləri olacaq tələbələr üçün olduqca əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu dəfəki seminar ATU-nun II Müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nərgiz Namazlının təklifi ilə baş tutub. Bu kimi təkliflər digər tələbələr tərəfindən irəli sürülərsə, onun rəhbərlik etdiyi təşkilat tərəfindən dəyərləndirilə bilər.
E.Kərimli sözü “Deaf Community” şirkətinin baş təlimçisi Turan Məmmədliyə verib. T.Məmmədli bu cür əhəmiyyətli bir seminarın Tibb Universitetində keçirilməsinə şərait yaratdığı üçün universitetin rektoru, professor Gəray Gəraybəyliyə və təşkilatçılara dərin təşəkkürünü bildirib. Eşitmə və nitqində qüsurlu olan şəxslərlə ünsiyyət saxlamaq üçün gələcəyin həkimlərinin “jest dili”ndə bəzi işarə və terminləri öyrənməsinin vacibliyini vurğulayıb. Bu səbəbdən də “jest dili” və dilin mahiyəti barəsində tələbələrə ətraflı məlumat verib.
“Səssizlik ən gözəl dildir” şüarı ilə başlanan seminar tələbələrin birgə səsləndirdiyi ”Əsl əngəllər, qarşılarına çıxan əngəlləri aşa bilməyənlərdir” şüarı ilə başa çatıb.