Azərbaycan Tibb Universitetinin (ATU) İctimai Səhiyyə fakültəsinin Tələbə Gənclər Təşkilatı idarə heyətinin təşəbbüsü ilə yaradılan “BooMo” kitab və kino klubunun açılışı baş tutub.
Tələbə Gənclər Təşkilatının İctimai Səhiyyə fakültəsi üzrə sədri Xətayə Quliyeva klubun təsis olunmasının məqsədi və fəaliyyət istiqamətləri haqqında məlumat verib. Bildirib ki, burada gənclərdə mütaliə vərdişinin gücləndirilməsi və filmlərin birgə izlənməsi ilə bağlı müxtəlif layihələri icra olunması planlaşdırılır.
ATU-nun TGT-nin sədri Rauf Vəliyev klubun yaradılması və fəaliyyətini tələbələrin asudə vaxtının təşkili, motivasiyalarının artırılması üçün əla fürsət kimi dəyərləndirib. Qeyd edib ki, İctimai Səhiyyə fakültəsi univesitetimizin, eləcə də təşkilatımızın sosial-ictimai həyatında xüsusi rola sahibdir. O, təşkilatımızın fakültə nümayəndəliyinə göstərdiyi xüsusi diqqət və dəstək üçün fakültə dekanı Anar Ağayevə təşəkkürünü çatdırıb.
Görülən işlərin tələbələrin asudə vaxtının daha düzgün təşkili və tələbələr arasında birlik,dostluq münasibətlərinin formalaşması üçün önəmli rola sahib olduğunu qeyd edən təşkilat sədri klubun kitab fonduna ilk kitabı bağışlayıb.
Sonra tədbir iştirakçıları birlikdə “Edge of Tomorrow” filmini izləyiblər.