Mayın 18-də Bakı Konqres Mərkəzində V Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konfransı öz işinə başlayıb. İki gün davam edəcək konfrans Səhiyyə Nazirliyinin, Azərbaycan Tibb Universitetinin və Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Dünyanın 30-a yaxın ölkəsindən (Türkiyə, Xəzəryanı dövlətlər, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Asiya ölkələri və s.), 9 xarici dərnəkdən, 27 müxtəlif beynəlxalq universitet klinikalarında çalışan 30-a yaxın professorun iştirakı ilə keçirilən tədbirdə piylənmə cərrahiyyəsi, metabolik (II tip diabet) cərrahiyyə, metabolik xəstəliklər zamanı endokrinoloji müalicə və dietoloji üsullar müzakirə olunur.
Konfransda çıxış edən millət vəkili İlham Məmmədov öz çıxışında son illər Azərbaycandakı iqtisadi tərəqqidən danışıb, bu inkişafın ölkədə səhiyyənin inkişaf etməsinə, əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin həllinə şərait yaratdığını bildirib. Ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişaf etdirilməsi və əhalinin dünya standartlarına cavab verən tibbi yardımla təmin olunması üçün genişmiqyaslı islahatların həyata keçirildiyi barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikintisi, fəaliyyətdə olan tibb müəssisələrinin yenidən qurulması prosesi geniş vüsət alıb.
Tədbirin təşkilat komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, laparoskopik-bariatrik cərrah Taryel Ömərov konfrans barəsində jurnalistlərə məlumat verərək deyib: “Tədbir təbabətin ən müasir nailiyyətlərindən biri olan metabolik cərrahiyyəyə həsr olunub. Tədbiri keçirməkdə əsas məqsədimiz dünyada aparılan əməliyyatların və tibb yeniliklərinin Azərbaycanda da tətbiq edilməsinə dair ən müasir üsullarla həkim və tələbələrimizi tanış etməkdir. Belə ki, bu konfransda dünyanın müxtəlif dövlətlərindən gəlmiş professorlar bizimlə öz təcrübələrini bölüşürlər”.
Bildirilib ki, hazırda cəmiyyətdə ən aktual problemlərdən biri də piylənmədir: “Bu problemin ölkəmizdə yayılmasının qarşısını almaq, o cümlədən sağlam qidalanma, piylənməyə yol açan amillərlə mübarizədə əhalinin maarifləndirilməsi baxımından bu cür tədbirlərin keçirilməsi çox vacibdir”. Dünyada artıq 70 ildir ki, bariatrik cərrahi əməliyyat gündəmdədir: “Bariatrik cərrahi əməliyyatı sadəcə estetik əməliyyat deyil. Piylənmədən əziyyət çəkən insanlarda kardioloji problemlər, II tip şəkərli diabet, yağlı qaraciyər sindromu kimi çox ağır xəstəliklər baş verir ki, piylənmə düzəlmədən bu xəstəliklər aradan qalxmır. Diyetadan effekt ala bilməyən və bədən kütlə indeksini keçən insanlar bu əməliyyata məruz qalırlar. 2018-ci ildə dünyada 500 min bariatrik cərrahiyyə əməliyyatı aparılıb. Onlardan təkcə 228 mini ABŞ-a aiddir. Azərbaycanda son 6 ildə 2 minə yaxın bariatrik cərrahiyyə əməliyyatı həyata keçirilib”.
Konfrans mövzuya dair müzakirələrlə davam etdirilir.