Beynəlxalq Konqresin qonaqları ATU-da olub

Bakıda keçirilən 5-ci BeynəlxalqBariatrik-metobolik Cərrahiyyə Konqresinin iştirakçıları ilə Azərbaycan Tibb Universitetinin rəsmiləri arasında görüş keçirilib. Görüşdə Türkiyə, Belçika, Rusiya, Ukrayna və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.

 

Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov belə bir beynəlxalq konfransın Bakıda keçirilməsinin ölkənin tibb ictimaiyyəti, o cümlədən Tibb Universiteti üçün böyük əhəmiyyət daşıdığını bildirib: "Dünya miqyaslı toplantının, ən məşhur cərrahları bir araya gətirən konqresin Azərbaycanda keçirilməsi çox qürurverici haldır. İnanırıq ki, Bakı konqresi bariatrik-metabolik cərrahiyyədə yeniliklərin təqdimatı, təcrübə mübadiləsi işinə öz töhfəsini verəcək”.

 

Qonaqları ATU-nun tarixi və fəaliyyəti ilə tanış edən prorektor R.Bəylərov universitetin 100 il əvvəl yaradılan tibb fakültəsi əsasında formalaşdığını, gələn il isə ATU-nun özünün 90 illiyinin qeyd olunacağını bildirdi. Prorektor bu gün ATU-nun ölkənin aparıcı ali məktəbi olduğunu, xarici ölkələrdəki tibb ali müəssisələri ilə geniş əlaqələrə malik olduğunu qeyd etdi: “ATU-nun 4 tədris klinikasında tibbi xidmətlə yanaşı, tibbi kadrların hazırlanması üçün də hər cür şərait yaradılıb. Hazırda ATU-da 8 minə yaxın tələbə təhsil alır. Bunların 2000-i xarici tələbələrdir və bu say ildən-ilə artmaqdadır. İndi ATU-da 1200 akademik işçi çalışır".

 

ATU-nun I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərov 5-ci Beynəlxalq metobolik cərrahi konqresinin təşkili ilə bağlı göstərdikləri dəstəyə görə qonaqlara təşəkkürünü bildirdi. Bildirdi ki, konqres 18 May- Avropa piylənmə ilə mübarizə günü münasibətilə bu tarixdə təşkil olunub. 9 xarici ölkə nümayəndələri, 8 beynəlxalq dərnək üzvlərinin iştirak etdiyi Konqresdə 52 məruzəçi çıxış edəcək. Tədbirdə ümumilikdə 7 akademik panel keçiriləcək.

 

Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, Türkiyənin Bariatrik Cərrahiyyə Cəmiyyətinin direktoru, professor Mustafa Taşkın və təmsilçisi Eren Taşkın, Rusiya Bariatrik Cərrahlar Cəmiyyətinin yaradıcısı və sədri, professor Yuri Yaskov və professor Aleksandr Neymak, Dünya Bariatrik Assosiasiyasının direktoru Abdelrahman Nimeri, Avropa Piylənmə ilə Mübarizə Assosiasiyasının vitse-prezidenti professor Volkan Yumuk, Türk Post Bariatrik və Metobalik Cərahi Dietisyenliği Dərnəyinin başqanı Nihal Zekiye Erdem, Malatya Universitetinin Bariatrik mütəxəssisi Cüneyt Kayaalp,professor İmran Abbas (Dubay),Fakı Akın (Belçika) və Emre Güvercin iştirak edirdilər.