Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və Genetika kafedrasının əməkdaşları baş müəllim Lalə Hüseynova və assistent Gülnarə Vəliyeva bu il mayın 11-12-də Gürcüstanda keçirilən “ II Beynəlxalq İnsan Genomu və Sağlamlığı” konfransında iştirak ediblər. Konfrans Gürcüstan Tibbi Genetika və Epigenetika Cəmiyyəti, Tbilisi Dövlət Tibb Universiteti və Şota Rustaveli Milli Elmi Tədqiqat Fondu tərəfindən təşkil olunub.
Konfransın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan həkim və alimlər arasında bilik mübadiləsini təşkil etmək, həmçinin biznesin tibbi genetika sahəsində əldə edilən son elmi nailiyyətləri iştirakçılara təqdim etmək, genetik xəstəliklərin tədqiqatı ilə bağlı araşdırmaçılar arasında əlaqələr yaratmaqdan ibarət olub. Tədbirdə bir çox dövlətin genetik alimləri və dünya şöhrətli mütəxəssisləri iştirak edib.
ATU-nun Tibbi biologiya və genetika kafedrasının baş müəllimi, fəlsəfə doktoru Lalə Hüseynovanın apardığı tədqiqat işi təşkilatçıların xüsusi maraq və diqqətini cəlb etdiyindən, bu işin konfransda məruzə olunması tövsiyyə edilmişdi. Beləliklə, L.Hüseynovanın beynəlxalq konfransda təqdim etdiyi “Molecular-genetic characteristics of the MEFV gene for the Familial Mediterranean Fever disease in patients from Azerbaijan Republic” mövzusundakı məruzəsi sertifikata layiq görülüb, müvafiq elmi əsəri isə konfransın materiallarında nəşr olunub.
Qeyd edək ki, L.Hüseynova AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun doktorantıdır. O, “Azərbaycan əhalisində bəzi irsi xəstəliklərin genetik heterogenliyi və biokomyəvi polimorfizmi” mövzusunda doktorluq işi üzərində işləyir. L.Hüseynova öz tədqiqatlarını AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə yanaşı, Türkiyənin “Genomed” Sağlıq Hizmətləri Qurumunda araşdırma apararaq Azərbaycan əhalisində irsi xəstəliklərin genetik skrininqini həyata keçirir.