Mayın 20-də Azərbaycan Tibb Universiteti (ATU) və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə BDU-nun və eyni zamanda adıçəkilən universitetin nəzdində yaradılan tibb fakültəsinin 100 illik yubileyi münasibəti ilə iki universitetin tələbələri arasında “Tibb və hüquq” mövzusunda müzakirə forumu keçirilib.
Forumu ATU TGT-nin sədri Rauf Vəliyev açıb. O, qeyd edib ki, forumun iki mərhələdə keçirilməsi nəzrədə tutulub:” İlkin mərhələ BDU-da baş tutub. İkinci mərhələ isə bu gün ATU-da başa çatacaq. Hesab edirəm ki, forumda toxunulan eyni mövzulara tibbi və hüquqi baxımından yanaşmalar tələbələr üçün böyük maraq doğuracaq”.
Qeyd edək ki, forum çərçivəsində ATU-nun I Müalicə-profilaktika fakültəsinin tələbələri Fərhan Namazov, Mirxəzər İsmayılov, BDU-nun hüquq fakültəsinin tələbələri Xanım Musayeva “Evtanaziya”, “Yaşam və ölüm” və digər mövzularda çıxışlar ediblər. Mövzular ətrafında hər iki universitet tələbələri arasında maraqlı müzakirələr başlayıb. Tələbələr müzakirələr zamanı qarşılaşdıqları şəraitdən asılı olaraq tibbi və hüquqi baxımından necə davranmaqla bağlı xeyli məlumat əldə ediblər. Forum geniş diskussiya şəraitində başa çatıb.