Uşaqların Beynəlxalq Müdafiəsinə həsr olunmuş seminar keçirilib

Mayın 21-də ATU-nun Tədris Terapevtik Klinikasında Azərbaycan Respublikasının Allerqoloq və İmmunoloqlar Assosiasiyasının Rusiya Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsinə həsr olunmuş seminar keçirilib.

 

"Uşaqlarda allergik xəstəliklər" mövzusu ilə işinə başlayan seminarı ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov açaraq Rusiya Federasiyasından təşrif gətirən böyük nümayəndə heyətini və iştirakçıları salamlayıb.

 

İki ölkə arasında əlaqələrin tarixi köklərinin olduğunu qeyd edən prorektor R.Bəylərov bu gün də bu əlaqələrin bütün sahələrdə inkişaf etdirildiyini qeyd edib. O, həmçinin hər iki ölkənin alim və tələbələri arasında elmi mübadilənin aparılmasından və digər məsələlərdən söhbət açıb.

 

Bu seminarın uşaqların müalicə və müayinəsi, onlara göstərilən qayğının artırılması, bir sözlə müdafiəsinin yaxşılaşdırılması istiqamətində faydalı olacağını vurğulayıb.

 

Rusiya Uşaq Allerqoloq və İmmunoloqlar Assosiasiyasının vitse-prezidenti, professor Yuriy Smolkin də seminarın açılışında çıxış edərək Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib və müştərək müzakirələrin iştirakçılarda maraq doğuracağına əminliyini bildirib. Bundan sonra uşaqlarda müalicə metodlarına müasir yanaşmanın müxtəlif aspektləri müzakirə olunub.

 

Alimlərimizdən professor Lalə Allahverdiyevanın "Uşaqlarda bronxial astma və virus infeksiyasına müasir yanaşma", professor Amaliya Əyyubovanın "Uşaqlarda atopik dermatitin erkən diaqnostikası" mövzusunda etdiyi çıxışlar diqqəti çəkib.

 

Rusiyalı alimlərdən professor Yuriy Smolkinin "Allergik rinitin müalicəsinə müasir yanaşma", “Uşağın dərisinə qulluq və epidermal qatın bərpası”, “Övrə xəstəliyinin diaqnostikası və müalicəsi”, professor Andrey Malyavinin “Bronx ağciyər xəstəliklərində mukolitik terapiyanın rolu", t.e.n. Nataliya Miqaçovanın "Tez-tez xəstələnən uşaqlarda immunitetin vəziyyəti və müalicə problemləri", "Atopik dermatitin birincili profilaktikası: bu reallığa uyğun olacaqmı?" mövzusunda etdikləri çıxışlar böyük marağa səbəb olub.

 

Seminar geniş diskussiya şəraitində işini başa çatdırıb.