Mayın 17-18-də Rusiyada Stavropol Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə tibb tələbələrinin VI Beynəlxalq “Asklepiy 2019" olimpiadası keçirilib. Olimpiadada Rusiyanın müxtəlif şəhərlərinin və Çin Xalq Respublikasının Harbin və Haynan tibb universitetlərinin 17 komandası ilə yanaşı, ATU-nun “AMU fires" (“ATU alovları”) adlı komandası da iştirak edib.
Tədbirin ilk günü nümayəndə heyətimizi Stavropol Dövlət Tibb Universitetinin rektoru, professor V.İ.Koşel qəbul edib. Universitetlər arasındakı ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirın rektor V.Koşel bu yaxınlarda Stavropolda keçiriləcək “Tələbə baharı” festivalı haqqında geniş məlumat verib. O, ATU-nun komanda üzvlərinin tibb karyerası ilə bağlı planları ilə maraqlanaraq tələbələrimizə yarışda uğurlar arzulayıb.
Olimpiadanın əsas mövzusu müxtəlif bədbəxt hadisələr və qəzalar zamanı həkiməqədər ilkin tibbi və təxirəsalınmaz yardımın göstərilməsi ilə bağlı idi. Olimpiadanın 1-ci günü iştirakçılar “Tibbi biatlon", “Təcili yardım otağı", “Kapitanların müsabiqəsi”, “Musiqili müsabiqə”, 2-ci günün tapşırıqları isə “Fövqəladə vəziyyətdə və bədbəxt hadisə zamanı təxirəsalınmaz yardımın göstərilməsi” kimi tapşırıqları icra ediblər.
Qeyd etmək lazımdır ki, olimpiada meşədə yerləşən “Lesnaya polyana” adlı düşərgədə keçirilib. Universitetimizin komandası olimpiadada yaxşı nəticə göstərərək “Ən yaxşı psixoloji yardımın göstərilməsi” nominasiyasında Fəxri Fərmana layiq görülüb.
Tədbirin bağlanış mərasimində Stavropol Dövlət Tibb Universitetinin rektoru, professor V.İ.Koşel ATU-nun rektoru, professor G.Ç.Gəraybəyliyə komandamızın bu tədbirdə iştirakını təmin etdiyi və universitetlərimiz arasında əməkdaşlıq münasibətlərini dəstəklədiyi üçün təşəkkür edərək rəsmi minnətdarlıq məktubunu təqdim edib.
ATU-nun komandasına Beynəlxaq əlaqələr şöbəsinin Mübadilə proqramları üzrə koordinatoru Müşfiq Orucov rəhbərlik edib. Komandanın tərkibi Mirzeynal Hüseynov (II MPF, 6-cı kurs, komandanın kapitanı), Mirməhəmməd Ağa (II MPF, 6-cı kurs), Emin Eyvazov (II MPF, 6-cı kurs), İsmayıl Əliyev (I MPF, 6-cı kurs), Məhərrəm Alimli (II MPF, 6-cı kurs) və Şamil Rəşidovdan (I MPF, 4-cü kurs) ibarət olub.