Əcnəbi tələbələrin III forumu keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində Bakı Beynəlxalq Tələbə Klubunun təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Əcnəbi tələbələrin III forumu keçirilib.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxışında Əcnəbi tələbələrin 3-cü forumunun Azərbaycanda Tibb fakültəsinin yaranmasının 100 illik yubileyinə təsadüf etdiyini bildirdi: "ATU bu 100 il ərzində ölkəmizin inkişafında müstəsna xidmətlər göstərib, Azərbaycan elminə, xüsusilə səhiyyə sisteminin inkişafına xüsusi töhfələr vermiş və millətimizə neçə-neçə dəyərli kadrlar bəxş edib. ATU-nun beynəlxalq səviyyədə nüfuzunu xarakterizə edən göstəricilərdən biri də hələ 1970-ci illərdən başlayaraq Universitetimizdə əcnəbi tələbələrin təhsil almasıdır. Hələ o dövrdə ulu öndər Heydər Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində ölkəyə əcnəbilərin axınının təməli qoyub. Həmin siyasi kursun layiqli davamçısı cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və beynəlxalq təcrübəyə əsaslanmış islahatlar bu prosesi daha da aktivləşdirib”.

 

Rektor G.Gəraybəyli hazırda Universitetdə 32 fərqli ölkədən 2000-ə yaxın tələbə təhsil aldığını qeyd edib. Bildirib ki, Prezident cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas prioritetlərindən biri də Universitetlərin dünyada reytinqinin artırılmasıdır ki, bu prosesdə ölkəmizdə təhsil əcnəbi tələbələrin sayı önəmli meyarlarından biridir.

 

Forum, “Biz birlikdə güclüyük” devizi altında baş tutub. Layihənin keçirilməsinin əsas məqsədi Azərbaycanda təhsil alan əcnəbi tələbələrin vahid şəbəkəsini yaradaraq BBTK-nın platformasında onları daha da möhkəmləndirmək, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin, tarixinin və turizm imkanlarının xüsusilə Qarabağla bağlı obyektiv məlumatın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında əcnəbi tələbələrin fəaliyyətini istiqamətləndirmək və onların təşəbbüslərinə dəstək vermək, həmçinin onların problemlərinin həllinə yardımçı olmaqdır.

 

Forumda Millət vəkili Şahin İsmayılov, Azərbaycan Gənclər Fondunun direktoru Fərid Cəfərov iştirakçılara təbriklərini çatıdırıb, bu formun hər il ənənə olaraq, davam etdirilməsi istəklərini bildiriblər. Forumda bir sıra ölkələrin səfirləri, səfirlik nümayəndələri iştirak ediblər. Forumda 10-dan çox universitetdən, müxtəlif ölkələrin 400-ə yaxın vətəndaşı iştirak edib.

 

Forumun bedii hissəsində Azərbaycanın fərqli universitetlərində təhsil alan əcnəbi tələbələr öz xalqlarının mədəniyyətini təbliğ edən mahnı və rəqslər təqdim etdilər.