Ekstremal dərəcədə az çəki ilə doğulan körpəni həyata qaytarmaq mümkün olub

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimləri ekstremal dərəcədə az çəkili və çoxlu sağlıq problemləri ilə doğulan körpəni müalicə ediblər. 1 kiloqram çəki ilə doğulan körpə 1 aydan çox müalicə alıb. ATU-nun TCK-nın neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlının sözlərinə görə, yenidoğulmuş süni tənəffüs cihazına qoşulub: "Körpənin ağciyərlərində kəskin respirator distress sindromu olduğundan, nəfəs ala bilmirdi. Onun ağciyərlərinin açılması üçün müalicə aparılıb, iki dəfə iynə vurulub".

 

Həkim A.Rüstəmxanlı bildirir ki, bu körpə erkən neonatal dövrdə çox kritik günlər keçirib. Lakin ATU-dakı peşəkar komanda hesabına balacanı normal həyata qaytarmaq mümkün olub. Belə ki, neonatoloqların müayinəsi zamanı xəstədə dərin yarımçıq doğulmuş uşaqların xəstəliyi sayılan retinopatiya (ROP) qeyd olunub. Yarımçıq doğulmuş uşaqlar uzun müddət süni nəfəs apararatına bağlı olanda, ağciyər problemləri olnda bu, göz dibində nevaskulyar -rubioz damarlar əmələ gəlir. Bu damarlar tor qişasını sıradan cıxarır və qopardır. Körpə ATU Tədris Cərrahiyyə Klinikasının retinoloqlarının nəzarətində olub.

 

Oftalmologiya kafedrasının həkimi Leyda Kazımova yarımçıq doğulmuş uşaqda arqon lazer əməliyyatını icra edib və körpənin görməsi bərpa olunub.

 

Lakin körpənin problemləri bununla bitmir. Yarımçıq doğulmuş uşaqda həm də malrotasiya - anadangəlmə bağırsaq problemi də mövcud olub . Klinikanın baş həkimi, uşaq cərrahı Ramiz Poluxovun sözlərinə görə, doğuşunun 31-ci günündə uşaq əməliyyat olunub. 40 dəqiqə davam edən əməliyyat nəticəsində onikibarmaq bağırsağı sıxan ledd atmaları ayrılaraq bağırsağın keçiriciliyi bərpa edilib.

 

Hazırda körpə normal qidalanır, normal defekasiyası (nəcis ifrazı) var, qusması isə yoxdur. Bir aydan çox davam edən kompleks müalicə nəticəsində uşaq ekstremal vəziyyətdən çıxa bilib. Körpənin valideynləri peşəkar yardıma görə Tədris Cərrahiyyə Klinikasının həkimlərinə təşəkkürlərini bildirirlər.