Mayın 31-də ATU-nun Xarici dillər kafedrasında İmadədin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri açan kafedra müdiri, professor Zemfira Məmmədova İmadəddin Nəsiminin həyat və yaradıcıllığı ilə bağlı Azərbaycan və ingilis dillərində tədbir iştirakçılarına geniş məlumat verib. Sonra Stomatologiya fakültəsinin hazırlıq şöbəsinin tələbəsi Nazənin Pur Nasirin aparıcılığı ilə professor Tamela Xəlilovaya söz verilib. Professor şairin poezyasından çoxsaylı nümunələr gətirərək onun şəxsiyyəti ilə bağlı maraqlı məqamlara toxunub.
Tələbələrdən Yusif Əl Maçdavi, Reza Molayinin ərəb və fars dillərində səsləndirdiyi şeirlər və Əmirrza Nəcəfinin gitaranın müşayiəti ilə oxuduğu mahnı böyük marağa səbəb olub. Digər tələbələrdən Günay Abışovanın, Ayşa Xasuyevanın, Myana Ağayevanın, Svetlana Hüseynovanın, Nərmin Allahverdiyevanın Azərbaycan, rus, ingilis dillərində səsləndirdikləri şeirlər də alqışlarla qarşılanıb. Sonra “Nəsiminin edam” səhnəsi tələbələr tərəfindən canlı şəkildə tamaşaçıların diqqqətinə çatdırılıb. Tələbələrin oynadıqları rol və Nəsiminin edam məqamı tamaşaçılarda kövrək hisslərin yaranmasına səbəb olub, səhnəni izləyənlər arasında hisslərini cilovlaya bilməyərək göz yaşlarını belə axıdanlara rast gəlinib.
Dahi şairin edam səhnəsini canlandıran tələbələrdən Eyyub Miriyev (sultan), Ziya Abbaslı (şeyx), Nihat Novruzov (Nəsimi), Əbdülqədir Əkbərzadə, Renat Emçiyev (qarovulçular) oynadıqları rollarla iştirakçıları heyrətləndirə bilib. Nicat Nəsiblinin tarda və Hikmət Abbasovun vokal səslə ifası isə izləyicilərdə xoş ovqat yaradıb.
Sonda kafedra müdiri, professor Z.Məmmədova tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Tədbirin bu cür yüksək keyfiyyətli və maraqlı alınmasında əməyi olan dosent Nailə Hacıyeva, baş müəllim Kəmalə İmanova və İlahə Hacıyevanın adlarını xüsusilə vurğulayıb.