31 may – Ümumdünya Tütünsüz Günü münasibətilə “Tütün çəkmə, şəkil çək!” şüarı ilə maarifləndirici təşviqat aksiyası oldu.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyi, tələbələri, Azərbaycan Tibb Universitetinin tələbələri, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi idi.
Aksiya çərçivəsində hər iki universitet tələbələrinin iştirakı ilə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkildi. Tələbələr xüsusi hazırlanmış böyük siqaret maketində yerləşdirilmiş məlumatlandırıcı vərəqələrlə tanış olmaqla tütün tüstüsünün tərkibindəki maddələr (nikotin, aseton, ammoniyak, arsen və s.) barədə ətraflı maarifləndirildilər.
Tədbir təşkilatçıları bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırdılar.