ATU-da imtahan ekspertləri ilə universitet rəsmiləri arasında görüş keçirilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) imtahan ekspertləri ilə universitet rəsmiləri arasında görüş keçirilib.

Görüşdə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru professor Sabir Əliyev çıxış edərək, imtahan prosesində diqqət yetirilməsi vacib olan məqamlar, atılacaq addımlar barədə geniş məlumat verib. O, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin Elmi Şurada söylədiyi fikirləri ekspertlərin nəzərinə çatdırıb.

 

S. Əliyev bildirib ki, ekspert qrupu Böyük Elmi Şuranın qərarı və rektorun əmri ilə yaradılıb: “Bilirsiniz ki, ölkə rəhbərliyi də son illər təhsildə keyfiyyət məsələsinə xüsusi diqqət yetirir. Təbii ki, qiymətləndirmə obyrektiv və şəffaf aparılarsa, təhsildə keyfiyyət də yüksək olar. Universitetdə də tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aparılan islahatların nəticəsi olaraq ekspert qrupu yaradılıb. Qrupa obyektivliyin və şəffaflığın qoruması məqsədilə məsuliyyətli müəllimlər cəlb olunub. Onların əsas vəzifələrindən biri də hazırladıqları test suallarının məxfiliyini qorumaqdır. Əgər məxfilik pozularsa, məsuliyyət ekspertərin üzərinə düşür”.

 

Rektor müşaviri, dosent Zülfüqar Musabəyov imtahan suallarına daha diqqətli yanaşmağın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu məsələdə obyektivlik və sualların məxfiliyi əsas amildir.

 

Görüşdə ATU-nun İmtahan Mərkəzinin müdir müavini Ülkər Cəfərova, Tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, Tibbi fizika və informatika kafedrasının müdiri, dosent Şahin Bayramov, təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri, professor Akif Qurbanov, imtahana nəzarət qrupunun sədri Zümrüd Abbaszadə, İnformasiya sistemlərinin təşkili və idarəetmə mərkəzinnin müdiri Rəmzi Əliyev çıxış edərək, imtahan prosesi üçün görülməli işlər haqqında fikirlərini bildiriblər.

 

Qeyd edək ki, ATU-da hazırda 230-dan artıq ekspert fəaliyyət göstərir. Ekspert fəaliyyətləri yaxşı qiymətləndirilən şəxslərə bal veriləcək. İmtahan Mərkəzi ilə yanaşı, ekspertlər də imtahanın gizliliyinə bilavasitə məsuliyyətli şəxslərdir.