Bu gün 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü ilə əlaqədar Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında (TTK) pulsuz müayinə kampaniyası keçirilib. Gün ərzində uşaq kardio-revmatoloji şöbəsinin həkimlərinin və kardioloqun müayinəsi tamamilə ödənişsiz olub.
Klinikanın kardio-revmatoloji şöbəsinin müdiri, professor Surxay Musayevin sözlərinə görə, hər il ATU-nun Tədris Terapevtik Klinikası tərəfindən pulsuz müayinə aksiyası keçirilir.
“Bəzən valideynlər müxtəlif səbəblərdən uşaqları müayinəyə gətirə biımirlər və ya gətirməyə çəkinirlər. Ona görə də belə aksiya çərçivəsində həmin uşaqların müayinəsinə imkan yaratdıq. Şöbəmizdə artıq iki gündür pulsuz müayinə kampaniyası keçirilir. Bunu bir növ monitorinq nəzarəti də adlandıra bilərik. Çünki aksiyaya gələnlər arasında ilk dəfə ümumi müayinədən keçirilən uşaqlar da var. Bu da təəssüf doğurur. Çünki bir çox xəstəliklərin qarşısını profilaktik müayinənin köməyilə almaq olar”.
Mayın 31-də 200 nəfər, bu gün isə 300 nəfər müayinə üçün qeydiyyatdan keçib. Müayinə aksiyasına qatılanlar arasında bölgələrdən – Salyan, Xaçmaz, Mingəçevir, Lənkaran və digər yerlərdən gələnlər olub.
Tədris Terapevtik Klinikasının həkimləri böyük həvəslə aksiyada iştirak ediblər. Kardioloq Elnur İmanovun sözlərinə görə, "Mən artıq ürək qüsurlu deyiləm" şüarı ilə çalışan kardiologiya şöbəsində müayinə üçün artıq 400 nəfər qeydiyyatdan keçib. Müayinələrdən keçənlərin bəzilərinə cərrahi müayinə tətbiq olunub, digərlərinə müalicə yazılıb. EXO yoxlanışından keçən pasiyentlər də olub.
1 iyun aksiyasında iştirak edən ATU TTK kardio-revmatologiya şöbəsinin əməkdaşlarını təqdim edirik: Professor Surxay Musayev, Professor Ələkbər Həsənov, kardioloq Elnur İmanov, dosent Lalə Hidayətova, dosent Fəxriyyə Məmmədova, dosent Ülviyyə Hacıyeva, assistent Sevda Məmmədova, assistent Nəzakət Həsənova, assistent İradə Qarayeva xəstə qəbulunda iştirak ediblər. Baş laborant Günay Salamzadə, baş laborant Rəhilə Mircavadlı, doktorant Zərifə Məmmədova da həkimlərə kömək ediblər.