ATU-nun klinikalarında 1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü və Ramazan bayramı ilə əlaqədar xeyriyyə aksiyaları davam edir.
Bu gün həmin aksiyaların davamı olaraq Tədris Cərrahiyyə Klinikasında şəhid övladlarının müayinəsi həyata keçirilib.
Klinikanın uşaq cərrahlığı şöbəsinin həkimi Günay Əliyeva bildirir ki, aksiya klinika rəhbərliyinin Müdafiə Nazirliyinə müraciəti əsasında təşkil olunub. Şöbənin cərrahları şəhid övladlarının müayinəsində böyük həvəslə iştirak edirlər. Onun sözlərinə görə, uşaqlar təkcə həkim müayinəsindən deyil, qan analizləri və ultrasəs müayinəsindən də keçəcəklər. Əgər ehtiyac yaranarsa, digər mütəxəssislər tərəfindən konsultasiya aparılacaq. Həkim baxışı və müayinələr zamanı ortaya çıxan problemlər də aradan qaldırılacaq.
Müdafiə Nazirliyinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri üzrə iş şöbəsinin müdiri Zümrüd Səmədova ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi qayğı göstərdiyini xatırladaraq deyir ki, onları daim diqqətdə saxlamaq hər birimizin borcudur. Ona görə də bu aksiyanı sevə-sevə həyata keçiririk.
Həkim müayinəsindən keçən uşaqların valideynləri bu xeyirxah aksiyanın təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, sabah da davam edəcək aksiyada 30-a yaxın şəhid övladının müayinə və müalicədən keçməsi nəzərdə tutulub.