ATU əməkdaşı Çində keçirilən beynəlxalq tibbi forumda iştirak edib

ATU-nun farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev və professor Abuzər Qazıyev Çin-Şanxay Əməkdaşlıq Təşkilatının keçirdiyi “Tibbi innovasiya və əməkdaşlıq” birinci ümumdünya forumunda iştirak ediblər. 26-29 may tarixlərində baş tutan forum Çin Xalq Respublikasının Fançenqqanq şəhərində keçirilib.

 

Professor M.Qəniyevin sözlərinə görə, Çin-Şanxay əməkdaşlıq təşkilatı 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan rəhbərləri tərəfindən yaradılıb. Hazırda qurumun tərəfdaşları sırasına Hindistan, Pakistan və bir çox müsəlman ölkələri daxildir.

 

Forumda 21 ölkədən 664 nümayəndə iştirak edib. Azərbaycanlı nümayəndələr forumun “Tibbin siyasəti, əczaçılıq və səhiyyə” adlı bölməsində məruzə ilə çıxış ediblər. M.Qəniyevin sözlərinə görə, forumda məhdud sayda - cəmi 25 məruzə nəzərdə tutulubmuş: “Bu məruzələrdən biri də “Azərbaycanda farmakoloji tədqiqatların əsas istiqamətləri “ mövzusunda mənim məruzəm oldu. Çıxışımda ölkəmizdə tibbin inkişafının aktual problemləri, nail olduğumuz elmi uğurlar, ölkəmizin zəngin xammal dərman bitki ehtiyatı barəsində geniş məlumat verdim. Xammal ehtiyatının birlikdə öyrənilməsi, Şanxay əməkdaşlıq təşkilatı ölkələri arasında tələbə mübadiləsi və birgə elmi əməkdaşlığın vacibliyini vurğuladım”.

 

M.Qəniyevin məruzəsi maraqla qarşılanıb və mövzu ilə bağlı ətraflı diskussiya aparılıb. Forumda ATU əməkdaşlarının aktiv iştirakı gələcəkdə Çin-Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri və müşahidəçi ölkələr arasında müxtəlif səpkili əməkdaşlıq əlaqələrinin yaranması və inkişafına kömək edəcək.