ATU - nun hazırlıq kursuna Skype - qəbul davam edir

Azərbaycan Tibb Universitetində (ATU) növbəti tədris ili üçün xarici tələbələrin qəbul prosesi mayın 7-dən start götürüb. Bu haqda ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov məlumat verib. Onun sözlərinə görə, həmin tarixdən etibarən Skype vasitəsilə müsahibələrə başlanılıb:

 

“Bu müddət ərzində 230 əcnəbi təhsil üçün müraciət edib. Onlardan 149 nəfərinin sənədi qəbul olunub. 66 əcnəbinin namizədliyi artıq ATU-nun hazırlıq kursunun tələbəsi kimi təsdiq olunub. Bu il də bizə fərqli ölkələrdən müraciətlər var. Hazırda olan statistikaya görə, müraciətlər daha çox 3 ölkədən - İran, Türkiyə və Suriyadan edilir”.

 

Skype-la müsahibənin 8-10 dəqiqə davam edir. Müsahibə komissiyası ATU-nun idarə heyətinin üzvləri və fənn müəllimlərindən təşkil olunub. Komissiyanın tərkibinə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, rektorun müşaviri, dosent Zülfüqar Musabəyov, ATU-nun ümumi işlər üzrə prorektoru Natiq Xəlilkov, Xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov və fənn üzrə müəllimlər daxildir.

 

Qəbul prosesinin daha bir ay davam edəcəyi planlaşdırılır. 
Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu skype intervyu sistem ilə aparılır.

 

Hazırlıq kurslarına elektron qəbulu təmin etmək məqsədilə universitetin saytında xüsusi səhifə yaradılıb. Əcnəbi vətəndaşların müraciətləri məhz bu səhifə üzərindən qəbul edilir. Bunun üçün lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra qəbul edilir. Növbəti mərhələ namizədlərlə Skype bağlantısı vasitəsilə müsahibə aparılır.