7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibəti ilə Azərbaycan Tibb Universitetinin Kommunal və Qidalanma gigiyena kafedrasında “Dəyirmi masa” təşkil olunub.
Kafedranın müdiri, dosent İbrahim Əhmədov çıxışında bu əlamətdar günün BMT-ə tərəfindən ötən ilin dekabrın 20-də təsis olunduğunu bildirib. Qida məhsullarının təhlükəsizliyində qeydə alınan xoşagəlməz halların insan sağlamlığına, ticarətə, dünya iqtisadiyyatına mənfi təsir göstərdiyini diqqətə çatdıran kafedra müdiri sağlam qida uğrunda mübarizə aparmaq üçün belə bir günün təsis olunduğunu sevindirici hal kimi dəyərləndirib. Dünyada, o cümlədən ölkəmizdə sağlam və keyfiyyətli qidanın əldə olunması məqsədilə dövlət tərəfindən görülən tədbirlərdən, bu istiqamətdə qəbul olunmuş proqramlardan söhbət açıb.
Məhz ölkəmizə idxal və ixrac olunan qidaların təhlükəsizliyinə biləvasitə nəzarətin olunmasının səmərəliliyini artırmaq məqsədilə cənab Prezident İlham Əliyevin Fərmanına əsasən Qida Təhlükəsizliyi Agentliyinin yaradıldığını vurğulayıb. İ.Əhmədov həmçinin adıçəkilən agentliyin üzərinə düşən vəzifə və öhdəliklərə toxunaraq qida təhlükəsizliyi və təhlükəsizliyin təşkili və s. ilə bağlı tələbələrə mühazirələr söylənildiyini qeyd edib.
Qida təhlükəsizliyinin vacibliyi və keyfiyyətsiz qidaların insan sağlamlığına vurduğu zərərlərlə bağlı kafedranın dosentləri Qəribə Hacıyeva, Qalina Qəniyeva, “Qidalanma və Sağlamlıq” İB-nin üzvü, terapeft-dietoloq İradə İmanovanın əhatəli çıxışları iştirakçıların marağına səbəb olub. Tələbələrdən Dünya Bayramova, Gülər Məhərrəmova, Sevda Davudova aktiv şəkildə müzakirələrə qatılıblar. Tələbələrin qida təhlükəsizliyi ilə bağlı səsləndirdikləri təklif və iradlar kafedranın müəlimləri tərəfindən dəyərləndirilərək, onlara lazımi tövsiyələrini veriblər.