Azərbaycan Tibb Universitetinin (ATU) İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Yaqut Hacıyeva 17-18 iyun 2019 tarixində Londonda keçirilən "Piylənmə və endokrinoloji məsələlərə dair 15-ci Avropa konqresi"ndə iştirak edib.
Baş müəllim Y.Hacıyeva konqresdə "Piylənmə və hiperxolesterinemiyanın qarşılıqlı asılılığının populyasion qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış edib.
Y.Hacıyeva çıxışında qeyri-infeksion xəstəliklərdə risk amillərinin birinin də piylənmə olduğunu vurğulayıb: “Hər il artıq çəki və ya piylənmə nəticəsində ən azı 2.8 milyon insan məhv olur. Piylənmə hallarının sayı son 30 il ərzində təxminən 2 dəfə artmışdır. Bu da öz növbəsində vaxtından əvvəl ölüm və əlillik ehtimallını artırır”.
Dünyanın bir çox ölkələrindən mütəxəssis və tədqiqatçıların iştirak etdiyi konqresdə piylənmə və endokrinoloji problemlərin səbəbləri, risk amilləri və profilaktikası ilə bağlı müzakirələr aparılıb. Aparılan müzakirələr bir daha göstərib ki, bu qlobal problemlərin həllində birgə əməkdaşlığın müstəsna rolu vardır.