Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun Prezident İlham Əliyev tərəfindən medal və fəxri adlarla təltif edilən nümayəndələrini təbrik edib. Onların universitetdə tibbi kadrların hazırlanmasında böyük zəhmətləri olduqlarını qeyd edib: “Siz uzun illər insanların sağlamlığının keşiyində dayanmısınız.
Həm də gələcək üçün savadlı kadrların, yüksək ixtisaslı həkimlərin yetişdirilməsində böyük əməyiniz olub. Bu baxımdan prezident tərəfindən yüksək fəxri adlarla təltif olunmanız bizi sevindirir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 11 iyun 2019-cu il tarixli sərəncamı ilə ATU-nun Patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənov “Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə” “Tərəqqi” medalı, Yoluxucu xəstəliklər kafedrasının professoru Nərgiz Hüseynova və İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının dosenti Arifə Məmmədova isə “Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə” “Əməkdar müəllim” adları ilə təltif ediliblər.
Görüşdə ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, elmi işlər üzrə prorektor dosent Rauf Bəylərov, Həmkarlar İttifaqı komitəsinin sədri, dosent Cahangir Qasımov iştirak edirdilər.