BMT-nin Uşaqlara Yardım Fondu - UNİCEF Azərbaycan təşkilatı 2021-2025-ci illər üzrə növbəti ölkə proqramını hazırlayır. Bununla əlaqədar UNİCEF-in Region üzrə Sağlıq və Təhsil Məsləhətçisi cənab Basil Rodriques Azərbaycan Tibb Universitetində olub, rektor professor Gəray Gəraybəyli ilə görüşüb.
Görüşdə iştirak edən UNİCEF-in Sağlamlıq və qidalanma üzrə nümayəndəsi Töhfə Cəmilova təmsil etdiyi təşkilatın 25 ildən çoxdur Azərbaycanla çalışdığını dedi. O, UNİCEF-in hökumətlə birgə növbəti 5 illik proqramın hazırlanması, sənəddə təhsil və səhiyyə üzrə vacib məqamların əks olunması üçün ATU ilə əməkdaşlığın ümumi işə böyük töhfə verəcəyindən əminliyini bildirdi.
Rektor Gəray Gəraybəyli ATU əməkdaşlarının UNİCEF-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, proqramların reallaşmasında yaxından iştirak etdiklərini vurğuladı: “Son 10 ildə universitetimizin yürütdüyü əsas strateji xətlərdən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Bir çox xarici ölkələrin, həm Avropa, həm də digər regionların universitetləri, beynəlxalq təşkilatlarla əlaqələrimiz var. UNİCEF-lə əməkdaşlıq bu əlaqələtin daha da dərinəlşməsinə təkan verəcək”.
Rektor G.Gəraybəyli pediatriya sahəsinin inkişafının həm Azərbaycan səhiyyəsi, həm də ATU üçün önəmli sahələrdən biri olduğunu qeyd etdi. Bu səbəbdən UNİCEF-in ölkə proqramında pediatriya ilə bağlı məqamların əks olunmasının vacibliyini bildirdi. Xüsusilə, tələbələrə dünyada mövcud praktik vərdişlərin təlqin edilməsi ilə bağlı yardıma ehtiyac olduğunu vurğuladı. Tələbələrin praktik biliklərinin artırılması məqsədilə treninq mərkəzlərinin yaradılmasında UNİCEF-in kömək göstərə biləcəklərini qeyd etdi.
UNİCEF-in Region üzrə Sağlıq və Təhsil Məsləhətçisi Basil Rodriques regionda ailə həkimi institutunun yaradılmasının vacibliyindən danışdı. Onun sözlərinə görə, UNİCEF-in bu dəfəki ölkə proqramında əsas bəndlərdən biri pediatriya sahəsinin inkişafı, uşaqlara ilkin tibbi yardımın keyfiyyətli təşkili, digər isə ailə həkimi institutunun yaradılması ilə bağlı olduğunu qeyd etdi.
Görüş zamanı qonaqlara ATU-da mövcud təhsil və imtahan sistemi, tədrisdə aparılan innovativ yeniliklər, elektron universitet proqramının tətbiqi haqqında geniş məlumat verildi. Həmçinin, birgə əməkdaşlığın istiqamətləri müzakirə olundu.
Görüşdə ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev iştirak edirdilər.