Iyunun 21-də Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasında yeni dərsliyin təqdimat mərasimi olub. Ortopedik stomatologiya kafedrasında tədris olunacaq “Dişlərin morfologiyası və oyma texnikası” adlı kitabın müəllifləri Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və adıçəkilən kafedranın assistenti Hanife Musayevadır.
Təqdimat zamanı Nazim Pənahov “MSV NƏŞR” Nəşriyyatında çap olunan dərsliyin 288 səhifədən ibarət olduğunu bildirərək, bunun tələbələr üçün Avropa standartlarına cavab verən bir vəsait olduğunu, kitabın 726 şəkillə illüstrasiyalşdığını qeyd edib. N.Pənahov sonra ayrı-ayrı fəsillərdə hansı mövzulardan bəhs olunması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.
Həmmüəlliflərdən Hanife Musayeva da öz çıxışında kitabın tələbələr üçün dəyərli bir vəsait olduğunu qeyd edərək, onlar üçün bir rəhbər rolu oynayacağını bildirib: “Mən kafedrada çalışdığım ilk gündən qərara almışdım ki, tələbələrin keyfiyyətli təhsil almasında yaxından iştirak edəcək, xidmətimi əsirgəməyəcəm. Əsas məqsədim tələbələrə Avropa standartalrına uyğun təhsil vermək olub. Universitetdə işlədiyim müddətdə tələbələrin tədris zamanı xeyli əziyyət çəkdiyinin şahidi oldum. Ayrı-ayrı mənbələrdən əldə etdiyim materialları proqrama uyğun şəkildə uyğunlaşdırararaq materialların surətlərini tələbələrə verirdim. Kitab nəşr olunanadək biz əziyyətli bu yolu keçdik. Nə yaxşı ki, belə bir yüksək səviyyəli kitabın nəşrinə nail ola bildik”.
Təqdimat zamanı universitetin tədris hissə müdiri, dosent Samir Cavadov, Stomatologiya fakültəsinin dekan müavini Kamran Babayev, Tədris Stomatoloji Klinikanın direktoru, professor Alqış Səfərov, Ortapedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev də çıxışlarında kitabla bağlı ürək sözlərini deyiblər. Kitabın əhəmiyyətinə toxunan natiqlər dərsliklə bağlı yüksək fikirlər səsləndiriblər.
Qeyd edək ki, dərslik yeni tədris ilində Stomatologiya fakültəsinin II kurs tələbələrinə tədris olunacaq. Dərslik tələbələrə ayrı-ayrılıqda dişləri, həmçinin dişlərin bir-birləri ilə münasibətlərini yaxından tanımaqda, onlara bu yöndə təməl bilikləri aşılamaqda və sadələşdirilmiş elmi metodologiya ilə onları klinik çalışmalara hazırlamaqda yaxından yardımçı olacaqdır.
Kitabın özəlliyi həm də ondan ibarətdir ki, çox işlədilən bəzi termin və ifadələrin doğma dilimizdə izahı, eləcə də həmin sözlərin latın, türk, rus və ingilis dillərində tərcümələri verilib. Burada dişlərin inkişafı, diş və paradontun quruluşu, dişlərin çıxması, diş formulları da təfərrüatları ilə öz əksini tapıb. Həmçinin ayrı-ayrı dişlərin morfologiyası geniş təsvir olunmaqla yanaşı, müxtəlif növ modelləşdirilən materiallardan istifadə etməklə dişlərin oyma texnikası da ətraflı şəkildə açıqlanıb.
Bir sözlə, mütəxəssislərimiz yeni nəşri tələbələr, rezidentlər və gənc həkimlər üçün dəyərli bir vəsait hesab edirlər.