Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin tələbələri, magistrantları və doktorantları Yaroslavlda keçirilən “Yaxşıların seçimi. İrəli getmək zamanıdır” adlı III Beynəlxalq ali məktəblərarası GxP-sammitində iştirak ediblər.
İyulun 3-5-də baş tutan sammitdə ATU-dan Rufana Usubova, Firuzə Məmmədova, Humay Məmmədova, Nigar Paşayeva, Qəmər Məmmədbəyli iştirak ediblər.
Artıq üçüncü dəfədir baş tutan sammitdə Azərbaycan ikinci dəfədir ki, iştirak edir. Bu tədbir Rusiyanın “Minpromtorq” şirkəti, Yaroslavl vilayətinin rəhbərliyi, Dərman vasitələri və müvafiq təcrübələr üzrə Dövlət İnstitutunun dəstəyi ilə “Putivodnaya zvezda” (“Yolgöstərən ulduz”) xeyriyyə fondu tərəfindən təşkil olunub.
ATU-nun nümayəndə heyətinin rəhbəri, farmakoqnoziya kafedrasının dosenti, əczaçılıq fakültəsinin TEC-nin rəhbəri Nərgiz Məmmədovanın sözlərinə görə, 300-dən çox tələbə, magistrant və doktorantı bir araya toplayan toplantının əsas hədəfi əczaçılıq sənayesini öz ixtisas yolu kimi seçmiş istedadlı gənclərin kadr potensiallarının aşkarlanması, müxtəlif ölkələr arasında bu sahədə əməkdaşlığının möhkəmləndirilməsinə zəmin yaradılması idi. Sammitdə Rusiyanın federal və regional orqanların, aparıcı ali məktəblərin, aparıcı Rusiya əczaçılıq kompaniyalarının nümayəndələri, bu sənayenin yüksək ixtisaslı ekspertləri qonaq olublar.
“Tələbələrimiz əczaçılığın müxtəlif sahələri üzrə öz elmi işlərini əvvəlcədən PPT formatında təqdim ediblər. 17 ölkədən göndərilən işlər arasında ATU-nun tələbə, magistrant və doktorantların işləri də sammitdə təqdimat üçün seçildi. Təşkilatçılar bu elmi işlərin yüksək səviyyədə hazırlandığını vurğuladılar. İkinci mərhələnin seçimi artıq Yaroslavlda baş tutdu”.
N.Məmmədova sammitin çox maraqlı formada təşkil olunduğunu bildirir. Müsabiqə iki mərhələdən ibarət olub. Birinci mərhələ situasiya məsələlərin həlli, ikincisi isə “Qış yaxınlaşır” («Зима близко») adlı işgüzar oyundan ibarət olub. ATU-nun nümayəndələri bu sınaqlardan alnıaçıq çıxıblar. Belə ki, qızlarımız işgüzar oyunda 1-ci yeri tutan komandanın tərkibinə daxil olmaqla oyunda çox aktiv iştirak ediblər. Finalda iştirak edən tələbələrimiz müvafiq diplomla təltif olunublar.
Sammit çərçivəsində ATU nümayəndələri həmçinin Beynəlxalq Əczaçı Tələbələr Federasiyasının (İPSF) nümayəndələri ilə görüşüblər, gələcək planları müzakirə ediblər. Bu zaman birgə tədbirlərin təşkili, beynəlxalq konfranslarda iştirakla bağlı razılaşmalar əldə olunub. Həmçinin, ATU tələbələri “Nanolek” şirkətində istehsalat təcrübəsi keçməyə və Kaluqada keçiriləcək IV Sammitdə iştirak üçün dəvət alıblar. O cümlədən, ATU-nun Əczaçılıq fakültəsi Rusiya, Özbəkistan, Qırğızıstanda əczaçılıq sahəsində fəaliyyət göstərən ali məktəblərlə əməkdaşlığa dair müxtəlif təkliflər alıb.
Sammit çərçivəsində tədbir iştirakçılarının “Teva” əczaçılıq istehsalat müəssisəsinə ekskursiyası təşkil olunub.