Onkoloji xəstə uğurla əməliyyat olunub

Bu günlərdə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında “Paraaortal limfodisseksiya” üzrə uğurlu əməliyyat icra olunub. Uzman Onkoginekoloq Əkbər İbrahimov bildirir ki, əməliyyat 1965-ci il təvəllüdlü xəstənin sağ yumurtalığında bəd xassəli bir törəmə şübhəsinə görə icra olunub.

 

“Əməliyyat zamanı frozen müayinəsi aparılıb. Nəticədə yumurtalığın serroz tümörü aşkarlandığından, xəstədə radikal əməliyyat icra edilib. Aşağı boş venanın arxasında limfa düyünləri götürülüb. Bu nahiyə tamamilə limfa düyünlərindən təmizlənib”.

 

Həkim deyir ki, “Paraaortal limfodisseksiya” ginekoloji onkoloji xəstəliklərin cərrahi mərhələsini təyin etmək üçün vacib olan prosedurdur. Uşaqlıq cismi,yumurtalıqlar və uşaqlıq boynu xərçəngində tez-tez icra olunur. Nisbətən yeni metod sayılsa da, bəzi onkoloji mərkəzlərdə bu prosedur hətta 1990-cı ildən tətbiq olunur.

 

Onkoloji əməliyyat zamanı “Paraaortal limfodisseksiya”nın əsas məqsədi xəstəliyin mərhələsini (yayılmasını) və sonrakı (adyuvant ) müalicə taktikasını təyin etməkdir. Digər tərəfdən, metastatik limfa düyünlərinin xaric edilməsi proqnoza (xəstənin sağ qalmasına) müsbət təsir edir.